Bu məhsulları alarkən DİQQƏTLİ OLUN!
    • 23-09-2024, 17:59
    • 181

Bu məhsulları alarkən DİQQƏTLİ OLUN!

Son illər allergiyadan əziyyət çəkən insanların sayı artır. Yalnız böyüklər deyil, uşaqlar arasında da bu hallara çox rast gəlinir.  Allergiya qidalar vasitəsilə də yarana bilir.

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, allergiya nəfəs almaqda çətinlik, həzm sisteminin işində pozulma, dəridə qızarma və orqanlarda şişmə kimi bir sıra simptomlarla özünü göstərir.  

“Qida allergiyası hər hansısa qidanın yeyilməsi nəticəsində meydana gəlir. Bu allergiya növündə ağız ətrafında qızarıqlıq, üzdə və bədəndə şişkinlik yaranır. Allergiyaya, əsasən, qlüten tərkibli qidalar səbəb olur. Buğda, çovdar, arpa və onların hibrid növləri qlüten həssaslığı olan insanlarda allergik reaksiyalar yaradır. Yumurta, balıq, süd məhsulları, bərk qabıqlı meyvələr (badam, qoz, fıstıq) və tərkibində yüksək miqdarda C vitamini olan meyvələr də allergiyaya səbəb olan qidalar siyahısındadır”. 

Məhsəti Hüseynova qeyd edib ki, dadlandırmaq məqsədilə qidalara qatılan maddələrin də allergiya yaratma ehtimalı var. 

"Xüsusilə monosodium qlutamat, sulfat və benzoik turşusu allergik reakiyalara səbəb olur. Hazır məhsulların çoxunda 10 mindən çox qatqı maddəsi var. Məhz bu baxımdan təmiz, təbii və təzə emala məruz qalmayan qidaların qəbuluna üstünlük verilməlidir. Hazır məhsullar alarkən qablaşdırmanın üzərində yazılanlara xüsusilə diqqət etmək lazımdır”.