-
- 24-09-2024, 09:13
- 195
Ünvanlı sosial yardım LƏĞV OLUNUR? – Yerinə uşaqpulu veriləcək…
“Doğulan uşaqların sayının azalmasının qarşısını almaq üçün dövlət xüsusi bir proqram qəbul etməlidir. Bu, ailələrin dəstəklənməsi proqramıdır”.
News24.az xəbər verir ki, bu sözləri sosioloq Elçin Bayramlı Referans.az-a açıqlamasında deyib.
“Evlənməyə görə dövlət yardımı olmalıdır hər ailəyə. Uşaq doğulduqda isə ən azı 5000 manatdan başlayaraq birdəfəlik yardım olmalıdır. Uşaqlara aylıq müavinətlər verilməlidir ki, bu, hər bir uşaq üçün ən azı 100-200 manat olmalıdır. Bundan başqa çoxuşaqlılığın təbliğ olunması üçün 3 və daha çox uşağı olanlara əlavə güzəştlər edilməlidir. Bu, özünəməşğulluq proqramı çərçivəsində öz bizneslərini qurmaq üçün əlavə təkliflər verilə bilər. Bu kimi məsələlər ailələrdə heç olmasa 2-3 uşağın olmasına valideynləri stimullaşdıra bilər. Ümumiyyətlə, normal ailə 3 uşaqdan başlayır. Orta hesabla yalnız hər ailədə 3 uşaq olarsa, bir millətin davamlılığından söhbət gedə bilər. Əks halda həmin millət bir neçə onillik ərzində yoxa çıxır”.
Elçin Bayranlı qeyd edib ki, uşaq dünyaya gətirilməsinin azalmasının qarşısının alınması üçün ünvanlı sosial yardımla müqayisədə uşaqpulunun verilməsi daha ağılabatandır.
“Çünki ünvanlı sosial yardım faktiki olaraq “ünvansız” sosial yardımdır. Ehtiyacı olanlar qıraqda qalır lakin digərləri bundan faydalanır. Burada rüşvət, korrupsiya amilləri var. Amma uşaqpulunda belə bir imkan yoxdur. Buna görə də ünvanlı sosial yardımın ləğv olunub uşaqpulu ilə əvəz olunması lazımdır. Çünki uşaqpulunda heç bir rüşvət, korrupsiya faktı ola bilməz. Rəsmi qeydiyyatla uşaq sayına uyğun olaraq veriləcək. Burada bir nəfəri belə nə gizlətmək, nə də artırmaq mümkündür. Buna görə də ən azından daha şəffaf olan bu sistemə keçilməlidir”.