“Paşinyan onu Bakıya verməyi düşünürdü” – Araikin yanına göndəriləcəkdi
    • 24-09-2024, 11:23
    • 217

“Paşinyan onu Bakıya verməyi düşünürdü” – Araikin yanına göndəriləcəkdi

Bir qədər əvvəl İrəvanda saxlanıldıqdan sonra sərbəst buraxılan bloger Aleksandr Lapşin Azərbaycana qarşı ittihamlarına davam edir.

News24.az bildirir ki, globalinfo.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Lapşin daim Azərbaycana qarşı qərəzi ilə seçilib:

“Dəfələrlə ölkəmizə qarşı şər, böhtan kampaniyası aparıb. Aydın məsələdir ki, bunu nəyin qarşılığında edir. O da digərləri kimi erməni diasporunun maliyyəsi hesabına ayaqda dayanır və çörəyi Azərbaycana böhtan atmaqdan çıxır. Rəsmi Bakı humanistlik göstərərək bir dəfə onu bağışlamışdı. Ancaq bu üzdəniraq bloger yenə öz fəaliyyətindən əl çəkmir. Tez-tez Ermənistanı ziyarət edir, burada müxtəlif görüşlər keçirir. Növbəti səfəri də məhz bu istiqamətdə idi. Özünü Ermənistanın milli maraqlarının müdafiəçisi elan edib. Bir müddət əvvəl də Ermənistan hakimiyyəti ilə münasibətləri pis olan Belarus Prezidenti Aleksandr Lukaşenkonu təhqir etmişdi”.

Politoloq qeyd edib ki, Lapşin bu dəfə Bakının əlinə keçsə, əfv edilməyəcək:

“Törətdiyi əməllərə görə cəzalandıracaq. Müxtəlif ölkələrin vətəndaşlıqlarını əldə etmiş bu şəxs qanunsuz səfərlər edir, qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olur. Öz bloqunda pul qarşılığında müxtəlif dövlətlərə qarşı böhtan kampaniyası təşkil edir. Ermənistanın Lapşindən mədət umması utancvericidir.

Əslində rəsmi İrəvan onu Bakıya təhvil verməli idi. Lakin bu halda onu Bakıya qarşı danışdıranlar ifşa ediləcəkdi. Buna görə də Paşinyan vaz keçdi. İstənilən halda Azərbaycan Lapşini cinayət məsuliyyətinə cəlb edəcək. Törətdiyi əməllərə görə o, Azərbaycan qanunları qarşısında cavab verəcək. Uğursuz bloger Bakıda həbsdə yatan Vardanyanların, Araiklərin aqibətindən dərs çıxarmalıdır”.