Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
    • 24-09-2024, 11:29
    • 268

Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...

Azərbaycana payız fəsli gəlib. Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

 Payız deyən zaman insanların yadına kədər düşür. Təbiətin yeniləndiyi, tətillərin edildiyi, açıq havada uzun zaman keçirilən günlərin arxasınca payızın gəlməsi ilə gündüzlər qısalır, hava sərinləyir və yarpaqlar tökülməyə başlayır. Təbiətdə olan bu dəyişiklik, insanlara da təsir edir və onları mövsümi depressiyaya doğru çəkir.

Mütəxəssis qeyd edir ki, bədənin bioloji saatını və ritmini nizamlayan melotonin hormonu günəş işıqları azaldığı zaman gecələr uzun, gündüzlər qısalan zaman daha çox ifraz edilir. Gün işığı azaldıqca, beyində yüksək miqdarda yaranan melotonin hormonu insan bədənindəki enerjinin azalmasına, yorğunluğa və istəksizliyə səbəb olur.

Eyni zamanda beyində kimyəvi maddələrdən biri olan serotonin hormonu, payızda günəş şüalarının azalmasıyla azalır və bu vəziyyət depresiyaya səbəb olur.

Eyni mövsümi depressiya qış aylarında da müşahidə edilir. Ancaq payız depressiyası daha tez-tez müşahidə edilir. Enerji azlığı şəxsin həyatını monotonluğa çəkdiyi zaman mövsümi depressiya barədə düşünə bilər. Həkim qeyd edir ki, payız depressiyası təkcə mövsümi dəyişikliklərdən qaynaqlanmır. Şəxs daha əvvəl depressiya yaşayıbsa və ya genetik uyğunluq varsa mövsümi depressiya yaşama riski artır.

Depressiya adətən qadınlarda kişilərlə müqayisədə daha çox olur. Buna görə də payız depressiyası qadınlarda daha çox müşahidə edilir.

Payız depressiyasının əlamətləri əsasən bunlardır:

- Səhər yuxudan oyanmaqda çətinlik çəkir, əzginlik hiss edir. Həddən artıq yatmaq istəyi yaranır;

- Ümumi yorğunluq. Fikrini bir yerə cəmləyə bilməmək. İşləyirsə, işə adaptasiya oluna bilməmək problemi, işə getməmək istəkləri müşahidə olunur;

- İştahasızlıq. Bəzən isə həddən artıq yeməyə meyllilik yaranır;

- Hər şeyə maraq itir. Hətta dost və yaxınlardan uzaqlaşmağa, az ünsiyyətdə olmağa, özünə qapanmağa başlayır;

- Ümidsizlik, inamsızlıq hissləri yaranır;

- Tez-tez özündən çıxmaq, enerji azalması əlamətləri müşahidə edilir.

Bəs payız depressiyası ilə necə mübarizə aparmalı?

Mütəxəssislər bildirir ki, bu əlamətlər olduqda, azalan enerjini yenidən özünə qaytarmaq üçün rejimlə düzgün qidalanmaq, gün ərzində 1 və ya bir neçə dəfə açıq havada gəzmək, idmanla məşğul olmaq lazımdır.

Müəyyən fantaziyaları artırmaq tövsiyə olunur. Məsələn, səhər yeməyini maraqlı etmək, iş yerində yorulduqda fasilələr vermək və s. İlk növbədə qida rasionuna diqqət etmək lazımdır. Ağır və insanı ətalətə gətirən yeməklərdən qaçmaq, yüngül, insanda xoş əhval yaradan, tez həzm olunan yeməklərə üstünlük vermək lazımdır. Ağ şəkərdən bacardıqca az istifadə tövsiyə edilir. Çünki ağ şəkər qanda şəkəri sürətlə yuxarı qaldıra və yaxud aşağı sala bilər. Bu isə yorğunluq hissini artırır. Ağ şəkərin əvəzinə şirin meyvələrdən istifadə etmək olar. Payız bol meyvə mövsümüdür.

Həmçinin şirniyyat, tort və şokoladlardan az istifadə etmək tövsiyə edilir. Xatırladaq ki, bu qidalarda vitaminlər az olur.

Mütəxəssislərin fikrincə, payız depressiyası bir xəstəlik deyil, yalnız psixoloji qərarsızlıq halıdır və daha çox boş-bekar insanların qapısını döyə bilər.

Ümumiyyətlə, çalışmaq lazımdır ki, hər zaman faydalı məşğuliyyətlər tapılsın. Məsələn, qadınlar mətbəxdə daha fəal ola bilər, toxuma, tikiş bacarıqlarından faydalana bilər. Həmçinin dil öyrənmək, mütaliə etmək, rəsm çəkməklə məşğul olmaq olar. Dost və yaxınlarla tez-tez ünsiyyətdə olmaq, bərabər istirahət etmək tövsiyə edilir.

Depressiyanı aradan qaldıran amillərdən biri də idmandır. İdmanla məşğul olmaqla stressdən uzaq olmaq olar. Stress qanda adrenalinin parçalanmasını sürətləndirir, depressiv əlamətləri artırır. İdmanla məşğul olduqda beyin qanla təchizatı gücləndirir, mənimsəmə qabiliyyətini artırır.

Səhər tezdən yürüş etmək əhval-ruhiyyəni yaxşılaşdırır, endorfin hormonunun artmasına səbəb olur. Endorfinin artması insanın özünü sevincli, xoşbəxt hiss etməsinə səbəb olur.

Əgər qeyd edilən əlamətlər özünü kəskin şəkildə göstərərsə, mütəxəssisə müraciət etmək lazımdır.

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb. Psixoloq qeyd edib ki, əslində payız depressiyasının daha çox qadınlarda aşkarlanması fikri doğru deyil: “Qadın və yaxud kişi olmasından asılı olmayaraq, adətən payız mövsümündə insanlarda bir depressiv vəziyyət yaranır. Sadəcə, qadınlar depressiya halına düşəndə dərhal bunu büruzə verir, amma kişilər depressiyanı boynuna almır, uzun müddət bu vəziyyətə dözməli olur, şikayət etmir. Nəticədə biz bu barədə məlumatı gec alırıq və bununla bağlı statistikaya gec qeyd olunur. Ona görə də bizə elə gəlir ki, daha çox qadınlar payız depressiyasından əziyyət çəkir. Qadınlar bu vəziyyətini bölüşməyə çalışır, kişilər isə bir çox hallarda depressiyanı alkoqol ilə aradan qaldırmağa meyilli olur, bu vəziyyətini gizlədir və sairə”.

Psixoloq qeyd edir ki, ümumiyyətlə il ərzində fizioloji baxımdan 2 qeyri-sabit dövr olur: “Birincisi, qışdan yaza keçən dövr. Bu əsasən mart ayına, Novruz bayramı ərəfəsinə təsadüf edir və adətən daha ağır olur.

İkincisi isə yaydan payıza, qışa keçən dövrə təsadüf edir. Bu zaman insanın bədəni fizioloji olaraq, yeni iqlimə hazırlaşır, müəyyən proseslər ləngiyir. Hətta orqanizmdə hansısa xəstəliklər varsa daha da kəskinləşir və yaxud özünü büruzə verir.

Sözsüz ki, bu, müvəqqəti haldır. Amma bu o demək deyil ki, insan buna dözməlidir. Çoxumuz yüngül formada bu hala düşürük və iqlim sakitləşəndə tədricən vəziyyətdən çıxırıq.

Lakin bəzi insanlar bunu ağır formada keçirir, depressiv və yaxud həyəcan nevrozu formasında panik ataklar yaranır. Bu zaman buna qarşı tədbirlər görmək lazımdır. Yəni vaxtında psixoloqa, psixoterapevtə müraciət etməli, ağır fiziki işlərdən qaçmalı, boş vaxtları daha çox səmərəli keçirməyə çalışmaq lazımdır. Burada söhbət təkcə əyləncədən getmir, əhəmiyyətli fəaliyyət nəzərdə tutulur".