"Aztelecom"da özbaşınalıq baş alıb gedir – Şikayətçi
    • 24-09-2024, 16:19
    • 163

"Aztelecom"da özbaşınalıq baş alıb gedir – Şikayətçi

Şikayətlərin sayı rekord həddinə çatan "Aztelecom"la bağlı narazılığım var. Aylıq ödənişi etmişəm, deyirlər, internet olmayacaq. Ödənişimi geri istəyirəm, onu da vermirlər.

Tribunainfo.az xəbər verir ki, belə problemlə üzləşənlərdən biri də şikayətçi Aysun Kərimlidir.

O, bildirib ki, "Aztelecom" xətləri yeniləyir və bu səbəbdən internet verilişi müvəqqəti dayanıb. Buna baxmayaraq, ödənişi edənlərin də pulu geri qaytarılmır:

"Bizdə hələ köhnə tarifdir, 13 manat. Ödəniş etdim, amma internet açılmadı bir sutka. Zəng etdim qaynar xəttə, dedilər ki, xəttlər yenilənir deyə sizin internet açılmayacaq, ta ki xətlər yenilənib bitənə və müqavilə yenilənənə kimi. Mən ödənişi geri qaytarmalarını tələb etdim, çünki yeni tariflə mən müqavilə bağlamayacağam. Amma dedilər ki, biz sizin ödənişi geri qaytarmırıq, hara şikayət edirsiniz edin. Bu qədərmi özbaşınalıq baş alıb gedir bu "Aztelecomda"? Yoxdurmu bir sahibi, məsul şəxsi? Mənim yararlana bilmədiyim internetə görə nə haqla ödənişim qaytarılmır?".

Qeyd edək ki, son günlər narazılıqlara və şikayətlərə əsasən gündəm olan "Aztelecom" internet provayderi 2004-cü ildən yaradılıb. MMC-nin baş direktoru vəzifəsini alman əsilli Klaus Müller icra edir.