-
- 24-09-2024, 23:45
- 347
3 oktyabrda Azərbaycanla bağlı qərar belə olacaq: Əsas hədəfləri budur
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Prezident İlham Əliyev parlamentin ilk iclasında sülh müstəvisində aparılan müzakirələr fonunda, növbəti dəfə Ermənistanın silahlandırılmasına diqqət çəkdi. Bu məsələdə bəzi qərb dövlətlərinin fəal iştirakından bəhs olundu...
- Ermənistan kapitulyasiya aktına (2020-ci ilin 10 noyabr) imza atmış dövlət kimi davranmır. Görünən odur ki, bu ölkə yeni reallığı, situasiyanı qəbul etmək istəmir. Sözsüz ki, bu, tək Ermənistanın özü ilə bağlı olan məsələ deyil. Regionda nüfuzunu itirmiş, bölgəyə müdaxilə edə bilməyən, buradan münaqişə ərazisi kimi istifadə edən bəzi qüvvələr, qurumlar, təşkilatlar, ölkələr tərəfindən yeni reallıq qəbul edilmir. Əllərindən gələni edirlər ki, prosesə hansısa formada müdaxilə etsinlər. Təbii ki, onlar regiona Azərbaycanın əli ilə müdaxilə edə bilmirlər. Ancaq Ermənistan vasitəsilə bölgəyə mümkün qədər nüfuz edirlər. Ermənistan vasitəsilə onların burada yer almasına erməni cəmiyyətində olan ab-hava və şərait imkan verir. Ona görə də, Ermənistanda yenidən müharibə tərəfdarları şirnikləşdirilir, revanşizm daha da körüklənir. Sözsüz ki, bu faktlar indi hər kəs tərəfindən aydın şəkildə görünür. Ölkə başçısı da parlamentdə çıxışında bu məqamlara toxundu. Çünki erməni cəmiyyətində bu hallar olanda hakimiyyət və cəmiyyət bütövlükdə buna qarşı çıxmalı idi. Təəssüf ki, Ermənistan hakimiyyətinin özü getdikcə revanşizmə daha çox meyl edir. Faktiki olaraq hakimiyyətin içərisində Azərbaycana qarşı olan qüvvələr çoxluq təşkil edir. Onlar sülh müqaviləsinin gecikdirilməsinə çalışırlar. Bu, bütün səviyyələrdə, o cümlədən beynəlxalq müstəvilərdə Ermənistan rəsmilərinin bəyanatlarında da özünü açıq şəkildə göstərir. Azərbaycan Prezidenti Milli Məclisdə məhz bu reallıqları nəzərə alaraq ölkəmizin təhlükəsizlik, müdafiə qabiliyyətinin gücləndirilməsi, ordumuzun daha möhkəmlənməsi məsələlərini bir daha gündəmə gətirdi.
- Azərbaycana 30 illik işğal dövründə Ermənistan tərəfindən vurulan maddi-mənəvi ziyan var. Bu zərər beynəlxalq hüquqda hansı formada təsbit oluna və buna uyğun da təzminat məsələsi həll oluna bilər?
- Təzminat məsələsi çox ciddi bir prosesdir. II Dünya müharibəsindən sonra faşist Almaniyası bölüşdürüldü və faşizmə birdəfəlik son qoyuldu. Amma işğal, faşizm siyasəti aparmış Ermənistana faktiki olaraq bəzi qərb dövlətlərindən və təşkilatlarından yardım göstərilir. Əslində, Ermənistan işğala, törətdiyi vandallığa, bir milyon insanın qaçqın və məcburi köçkün salınmasına, Xocalı soyqırımına görə beynəlxaq hüquqa əsasən Azərbaycana təzminat ödəməlidir. Onlar isə bu məsələni məhz Qərbin köməyi ilə tamamilə əks formada təqdim edirlər. Çünki Qərbin bu regionda öz planları var. Ermənistandan isə növbəti dəfə alət kimi istifadə edilir.
- Avropa Şurası Parlament Assambleyası (AŞPA) yenidən Azərbaycanla bağlı məsələləri gündəmə gətirməkdə nə məqsəd güdür?
- Oktyabrın 3-də AŞPA-da Azərbaycanla bağlı əsassız məsələləri gündəmə gətirməyi planlaşdırırlar. Azərbaycan AŞPA-da olmadığına görə, özləri birtərəfli qaydada ağılasığmaz, yalan və iftiralar üzərində qurulmuş məsələləri gündəmə daşımağa çalışır. Əslində bununla özlərini daha pis vəziyyətə salmış olacaqlar. Əgər onlar həqiqətən də dialoq, əlaqələr qurmaq istəyirsə qarşılarında olan ölkənin nümayəndələri ilə söhbət edib, fikir mübadiləsi apara bilər. Heç bir fikir mübadiləsi aparılmadan öz aralarında danışıb qərar qəbul edirlərsə bu elə böyük böhrandır. Bu faktlar AŞPA-nı gülünc vəziyyətə salır. Ona görə də, bu gün AŞPA-da gedən proseslər normal məntiq çərçivəsindən çox uzaqdadır.