-
- 25-09-2024, 09:01
- 250
Rusiya qapalı ölkəyə çevrilir: miqrantlara qadağa - Yüz minlərlə azərbaycanlı...
Rusiyada yeni qanun qüvvəyə minib. Həmin qanuna görə, ölkədə işləyən bütün miqrantlar, futbol termini ilə yazsaq, oyundankənar duruma - “ofsayd”a düşüblər (Haqqın.az).
Söhbət ondan gedir ki, bundan sonra onlara nikaha daxil olmaq, nəqliyyat vasitələrini idarə etmək, sürücülük vəsiqəsi almaq, bank hesabı açmaq, əmlakı öz adına qeydiyyatdan keçirmək, yaşayış yerini dəyişmək, Rusiya Federasiyası subyektinin ərazisindən kənara çıxmaq, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, fərdi sahibkar olmaq, kredit götürmək, pul köçürmələri həyata keçirmək və s. qadağan edilir.
Artıq Moskva vilayətində miqrantlara şaurma, spirtli içkilər, tütün satışı, sosial xidmətlər, idman, mədəniyyət, istirahət, səhiyyə və təhsil sahələrində işləmək, habelə küçə iaşə obyektlərində çalışmaq yasaq edilib. Belə radikal qərarın səbəbi kimi isə Rusiya mediasının yazdığına görə, “xarici işçi qüvvəsi ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə artması” göstərilir.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi ölkə ərazisində qanunsuz yaşayan əcnəbi vətəndaşların xüsusi reyestrinin yaradılmasına başlayıb.
Rusiya DİN-in birinci müavini Aleksandr Qorovoy bugünlərdə məlumat vermişdi ki, reyestrə daxil edildikdən sonra qeyri-qanuni miqrantlar ciddi məhdudiyyətlərlə üzləşəcəklər. “Onlar nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlak qeydiyyatından keçə, nikah bağlaya və poza, uşaqları uşaq bağçalarına və məktəblərə qeydiyyatdan keçirə bilməyəcəklər”, - deyə Qorovoy bildirmişdi.
Layihənin səmərəli həyata keçirilməsi üçün DİN adları çəkilən xidmətləri göstərən təşkilatlarla idarələrarası elektron qarşılıqlı əlaqə qurmağı planlaşdırır.
Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəsmi məlumatına əsasən son bir ildə 2 milyondan çox xarici vətəndaş Rusiyanı tərk edib. Hazırda Rusiyada miqrasiya qeydiyyatı üzrə dövlət informasiya sistemində məlumatları olan əcnəbi vətəndaşların sayı isə 6 milyon 174 min 777 nəfərdir. 2023-cü ildə isə Rusiyada miqrasiya üçün 8,5 milyondan çox insan qeydiyyatdan keçib. Beləliklə, 2 milyondan artıq miqrant ölkəni tərk edib və yaxın zamanda bu rəqəmin xeyli artacağı gözlənilir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, hər bir ölkədə məhdudlaşdırıcı qanunlar qəbul edilərkən birinci növbədə ölkənin real durumu, təhlükəsizliyi önə çəkilir: “Rusiya-Ukrayna müharibəsinin getdiyi zamanda, xüsusilə Rusiya ərazisində çoxsaylı terror aktlarının baş verməsi ilə bağlı ölkədə miqrantların fəaliyyəti ilə bağlı qanunlarda məhdudlaşdırılma olması gözlənilən idi. Rusiya Federasiyasının bu qanunu da məhz dövlətin müəyyən təhlükəsizliyinə xidmət edən qanundur. Deməzdim ki, vətəndaşlığın alınmasında məqsəd miqrantları döyüşlərə göndərməkdir. Rusiya-Ukrayna müharibəsinin nə zaman başa çatacağı bəlli deyil. Bu baxımdan qanunun sırf miqrantları müharibəyə cəlb etmək üçün qəbul edildiyini birmənalı söyləmək olmaz. Avropa ilə müqayisə etsək, Rusiyada miqrantlara qarşı məhdudlaşdırıcı qanunun qəbulu insanların hüquqlarının müəyyən qədər pozulmasına gətirib çıxarır. Çünki Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Konvensiyasında insanların sərbəst hərəkət etmək, yerdəyişmək hüququ tanınır. Bu, təkcə ölkə daxilinə aid deyil, insanlar Yer kürəsində sərbəst hərəkət etmək imkanına malik olmalıdırlar”.
Ç.Qənizadə vurğulayıb ki, insanlar yaşadıqları ölkənin qanunlarına uyğunlaşmalıdırlar: “Dövlət dilini bilmək, qeydiyyatdan keçmək vacibdir. Yerdəyişmə olarsa, müvafiq xidmətləri məlumatlandırmaq lazımdır. Rusiyada qəbul edilən yeni qanunu insanlar hüquq və azadlıqlarının pozulması kimi yox, Rusiyanın təhlükəsizliyi ilə bağlı olan məsələ kimi dəyərləndirirəm. Hesab edirəm ki, Rusiya böyük ölkədir, orada keçmiş imperiya ölkələrindən 100 minlərlə miqrant yaşayır. Bəzi cinayətlərin açılması zamanı məhdudlaşdırıcı, qeydiyyata alınma məsələləri nəzərə alınmadığı üçün çətinliklər yaşanır. Bir sözlə, Rusiyada yeni qanun təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığın vaxtında aşkar edilməsi üçün qəbul edilib”.
Hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a bunları dedi: “Bildiyim qədər Rusiyada daimi yaşamaq icazəsi olan miqrantlar var, sözügedən qanun onlara aid deyil. Yeni qanun yalnız işləyənlərə aiddir. Bəzi məhdudiyyətlərə tam riayət etmək mümkün deyil. Məsələn, nikaha daxil olmaq. Rusiyada olmasa belə, başqa ölkədə Rusiya vətəndaşı ilə nikaha daxil olmaq mümkündür. Sözügedən qanun azərbaycanlılardan daha çox Orta Asiya respublikalarının vətəndaşları üçün nəzərdə tutulub. Əsas məqsəd Rusiya vətəndaşlığının qəbul etdirilməsidir. Rusiyanın öz vətəndaşlarının sayı get-gedə azalır. Bu və ya digər şəkildə bütün ölkələrdə belə məhdudiyyətlər var. Məsələn, Azərbaycanda xarici vətəndaş torpağı mülkiyyətinə ala bilmir. Təbii ki, bu, təməl insan haqlarına ziddir, amma hər bir ölkə belə məhdudiyyətlər tətbiq etməkdə tam sərbəstdir”.