Azərbaycanda dövlət xadimlərini öldürmək istəyən belə tutuldu - Özü DANIŞDI
    • 25-09-2024, 10:22
    • 289

Azərbaycanda dövlət xadimlərini öldürmək istəyən belə tutuldu - Özü DANIŞDI

Dövlət xadimlərinin həyatına sui-qəsdə hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun növbəti məhkəmə prosesi keçirilib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Nəcəfov sərbəst ifadə verib:

“Mən Gəncədə doğulmuşam, amma Bakıda yaşayıram. Ali təhsilliyəm. UNEC-i bitirmişəm, saxlanıldığım vaxtadək Elm və Təhsil Nazirliyində dəftərxanada çalışırdım. Ötən ilin sentyabr ayında səhər saat 08:30-da işə gedirdim. Yolda qəza səhnəsi yaradıldı. Maşından aşağı düşdüm. Bu zaman arxadan kimsə əllərimi tutdu. Məni harasa apardılar. Orada məni sorğu-sual etdilər. Sonra mənə DTX-nın inzibati binasında olduğumu bildirdilər”.

Daha sonra təqsirləndirilən şəxs ittihamın mahiyyəti üzrə danışmaqdan yayındığından dövlət ittihamçısının suallarını cavablayıb.

Dövlət ittihamçısının “Sən Rəhim Əliyevi haradan tanıyırsan?” sualına cavab olaraq bildirib ki, “onu Youtube-dan tanıyıram. Onunla şəxsi münasibətim olmayıb. Ona “İngilis casuslarının etirafları” kitabındakı məlumatların dəqiqliyi ilə bağlı “Teleqram” vasitəsilə suallar ünvanlanlamışdım”.

Təqsirləndirilən şəxs dövlət ittihamçısının “Dövlət Konstitusiyasının dəyişdirilməsi və hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı paylaşım etmisinizmi?” sualına yox cavabını verib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, Rəhim Əliyevə dinlə bağlı suallar da ünvanlayıb:

 “Mən ondan İslam dinində adını çəkdiyim müəyyən rəsmi şəxslərə sui-qəsdin halal və haram olduğunu soruşmuşam. Mən sualları ondan “Teleqram” vasitəsilə səsli formada soruşdum. Bir müddət keçdi, o mesajlarımı sildim”.

 Növbəti proses oktyabrın 3-ə təyin olunub.

 Qeyd edək ki, Elşən Nəcəfov 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət, eləcə də ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.

Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən anidən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214.2 (terrorçuluq -eyni əməllər, təkrar törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham elan edilib.