-
- 25-09-2024, 13:23
- 1 064
Ərdoğanın Paşinyana hədiyyəsinin pərdəarxası - Ermənişünas alim sirləri açdı
Dünən Türkiyə prezidenti Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Qəbul mətbuata qapalı keçirilib.
News24.az xəbər verir ki, görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına, iki ölkə arasında möhkəm dostluğun qurulmasına tərəfdar olduğunu, bunun üçün səylərin davam etdiyini bildirib. Prezident Ərdoğan Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.
Görüşün ən diqqət çəkən anlarından biri Ərdoğanın Paşinyana öz yazdığı “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə etməsi olub.
Bəs, bu məqsədyönlü bir addım olub və ya Ərdoğan nə üçün Paşinyana məhz bu kitabı hədiyyə edib?
Məsələ ilə bağlı News24.az-ın sualını cavablayan ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib ki, Ərdoğanın bu kitabı müxtəlif dünya dillərinə tərcümə edilib. Kitabın erməni dilinə də tərcümə edilməsi cəhdləri olub:
"Kitabın erməni dilinə tərcümə edilməsinin faydalı olacağını düşünürəm. O ki, qaldı kitabın Paşinyana hədiyyə edilməsinə bunun siyasi mənası var. Ərdoğan, əslində, Ermənistana mesaj verib. O demək istəyib ki, ədalətli dünyada yaşamaq ermənilərin əlindədir. Onlar Türkiyə ilə münasibətləri normallaşdırmasalar, ədaləti bərpa etmək mümkün olmayacaq. Ərdoğan çıxışında Ermənistan-Türkiyə münasibətlərinin Azərbaycanla normal münasibətlərə bağlı olduğunu açıq söyləyib. Onu da qeyd edim ki, kitabın hədiyyə edilməsi Ermənistanda da mesaj hesab edilib və birmənalı qarşılanmayıb".
Günel Məlikzadə