-
- 25-09-2024, 21:06
- 210
Motodromda qətl: Arvadının yad kişilərlə münasibətindən şübhələndi, səhərə yaxın...
Bakının Binəqədi rayonunda 1981-ci il təvəllüdlü Toğrul qısqanclıq zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu 37 yaşlı həyat yoldaşı Məlahəti (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Toğrul 2 noyabr 2023-cü ildə saat 06:40-da Motodrom yaşayış massivində yerləşən nömrəsiz evində spirtli içki qəbul edib.
Daha sonra əvvəllər onunla qeyri-rəsmi nikah münasibətlərində yaşamış arvadı Məlahətin uzun müddətdir ondan ayrı yaşaması, restoranda işləməsi, mobil telefondan istifadə etdiyini güman eləməsi kimi cüzi səbəblər əsasında yad kişilərlə münasibətdə olduğunu düşünüb.
Toğrul Məlahətlə birgə münasibətlərindən doğulmuş və bir yerdə yaşadığı Seymura “ananı öldürməyə gedirəm” deyib. Saat 07:00-da Motodrom yaşayış massivində nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində olan birmərtəbəli tikiliyə gəlib. Tikilinin qapısını təpiklə vuraraq açıb. Anidən içəri daxil olub və qapının çırpılma səsinə yuxudan oyanan Məlahətin birgə münasibətlərindən doğulmuş azyaşlı qızı, o cümlədən Məlahətin orada gecələmiş bacısı oğlunun gözləri qarşısında, onların yalvarışlarına, aman diləmələrinə məhəl qoymadan çoxsaylı zərbələrlə qadını qətlə yetirib.
“Məndə şübhə yarandı”
İstintaq orqanı tərəfindən Toğrulun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Məlahət ilə 16 il evli olub:
“Bakının müxtəlif yerlərində kirayədə yaşamışıq. Son dəfə Xocasən qəsəbəsində qaldığımız evin sahibi birdən evi satmaq qərarına gəldi. Biz də oradan çıxmaq məcburiyyətində qaldıq. Mən kirayə ev axtarmağa başladım. Lakin boş ev tapa bilmədim. Məcburiyyət qarşısında uşaqlarımı anamgilə yerləşdirdim, özüm isə Qəmbər adlı bacanağımgildə yaşamağa başladım.
Bacanağımla tikintidə işləməyə gedərək bir qədər pul yığdım, əvvəl kirayədə qaldığım Xocasən qəsəbəsindən yenə ev kirayələdim. Daha sonra həyat yoldaşımı gətirmək üçün onun yanına getdim. Məlahət isə mənə şikəst, vərəm olduğum üçün yanıma gəlməyəcəyini dedi.
Bu söz mənə çox pis təsir etdi və məndə şübhə yarandı”.
“Bu qızın öləcəyini dedim”
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günündən 2-3 ay əvvəl qəsəbədə olan arxa yolda həyat yoldaşını avtobusdan düşəndə görüb: “O məndən qabaqda getdi. Mən də yavaş-yavaş arxasınca gedərək ona çatmağa çalışdım. Bu zaman o, telefonla danışdı. Əvvəllər həyat yoldaşımın heç vaxt telefonu olmayıb. Anasıgilə gedəndən sonra telefondan istifadə etməyə başladı.
Bir dəfə də qapıdan çıxanda qızımla həyat yoldaşımı gördüm. Məlahətə telefonunu gördüyümü dedim, çantasını verməsini istədim. O, qaça-qaça gedərək telefonu anasına verdi. Anası da bu işlərə göz yumdu.
Daha bir dəfə metronun yanında Məlahətin telefon işlətdiyini gördüm. Ondan telefonu istədim, yenə gizlətdi. Bir dəfə Məlahətin qohumlarına onun məndən gizli telefon işlətdiyini, bu qızın öləcəyini dedim”.
“Bıçağı öldürmək məqsədilə götürmüşdüm”
Toğrulun ifadəsinə görə, daha sonra Məlahətlə votsapda danışmağa başlayıblar: “Ona əvvəllər telefon işlətmədiyini xatırlatdım. Onun restoranda işləməsi məni lap dəli etdi. Bir müddət sonra evdən bıçaq götürərək Məlahətgilin həyətinə daxil oldum. Məlahət, qızım və bacanağım ordaydılar. Mən qapını açmaq istəyəndə qapının içəridən bağlı olduğunu gördüm.
Qapıya təpik vuraraq içəri girdim. Bir otaqda qızımla həyat yoldaşım Məlahət, digərində bacanağımla oğlu yatmışdı. Həyat yoldaşım qışqırdı, bacanağımla oğlunu köməyə çağırmaq üçün qaçdı.
Həyat yoldaşıma 2 bıçaq zərbəsi vurdum. Məlahət qaçmağa başladı. Sonra hər kəs otaqdan çıxdı. Baldızım gələrək niyə belə etdiyimi söruşdu. Gedib polis bölməsinə təslim oldum. Bıçağı hadisə günü yaşadığım evdən yoldaşımı öldürmək məqsədi ilə götürmüşdüm”.
Toğrul qeyd edib ki, həmişə spirtli içkidən istifadə edib, həyat yoldaşı bununla bağlı ona irad tutmayıb: “Əlimdə Məlahətin başqa kişilərlə münasibətdə olduğuna dair faktlar olub. Lakin bunları açıqlamaq istəməmişəm.
Həyat yoldaşımı öldürməyi planlaşdırmışdım. Hadisə günü yalnız oğlum yanımda idi. Ona anasını öldürməyə getdiyimi dedim. Məlahəti bıçaqlayanda uşaqlarım orada deyildi”.
“Qızımı öldürüb”
İş üzrə zərərçəkmiş Məlahətin hüquqi varisi qismində ifadə verən anasının sözlərinə görə, qızı 16 il Toğrulla ailəli olub:
“Toğrul onu yola vermədiyinə görə son 11 ay ərzində mənim yanımda qalırdı. Qızıma da, övladına da mən baxırdım. Toğrul dəfələrlə bıçaqla mənim evimə gəlib. Amma bunu mənə deməyiblər. Qızım mənə dəfələrlə ailəsinin işinə qarışmamağımı tapşırmışdı. Ona şikayət etməyi məsləhət görmüşəm. Amma ortada balası olduğunu bildirərərək barışmağa ümid edirdi.
Hadisə olan vaxtı qızım 15 gün olardı ki, işləyirdi. 15 gün tamam olan gün qızım işlədiyi yer yaxın olduğuna görə bacısıgilə qalacağını dedi.
Qızım getməmişdən əvvəl Toğrul bizə gəldi. Mən evə gələndə gördüm, Toğrul evdə oturub, hətta bir-birilərinə baxıb deyib-gülüblər. Bundan sonra Toğrul getdi”.
Hüquqi varis qeyd edib ki, daha sonra səhərə yaxın Toğrul evə gəlib, qapıya təpik vurub: “Nəvəm kim olduğunu soruşdu. Toğrul cavab vermədi, qapını bir də çırpdı.
Nəvəm sonra bildirdi ki, gözünü açanda qapının qırıldığını, Toğrulun Məlahətə bıçaq zərbələri endirdiyini gördü. Toğrulun qızı atasının qarşısına keçib. Toğrul ondan çəkilməsini tələb edib. Əks halda qızı da bıçaqlayacağını bildirib. Nəvəm yalvarıb, ağlayıb”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Toğrul 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.