İşğal planı yeniləndi, sülh gündəmdən çıxır – Xəbərdarlıq edildi
    • 25-09-2024, 15:44
    • 301

İşğal planı yeniləndi, sülh gündəmdən çıxır – Xəbərdarlıq edildi

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan-Azərbaycan gərginliyi ətrafındakı son durumla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyev bəzi Qərb dövlətlərinin Ermənistanı silahlandırdığını açıqladı. Prezident onu da söylədi ki, Ermənistanı bizə qarşı yönəltmək üçün bu dövlətlərin planları göz qabağındadır. Azərbaycan lideri bu kontekstdə xəbərdarlıq elədi ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Söhbət nə kimi planlardan gedir, həmçinin Əliyevin “təxribata hazır olmalıyıq” mesajının arxasında hansı məqamlar durur?

- Biz Azərbaycan və Prezidentin bəyan etdiyi mövqeyin məntiqini bir daha təkrarlamaqda fayda var. Bu da ondan ibarətdir ki, Azərbaycana qarşı hərbi təcavüz baş vermişdi. Azərbaycan da BMT Nizamnaməsinə uyğun olaraq, bu hərbi təcavüzə son qoydu, özünümüdafiə hüququndan istifadə edərək, işğalçı qüvvələri darmadağın elədi.

Azərbaycan postmünaqişə dönəmində sülh üçün prinsiplərini təqdim etdi. Amma biz görürük ki, erməni tərəfi müxtəlif bəhanələrdən istifadə edərək, bu prinsiplərdən yayınır və sülh müqaviləsinin imzalanmasını ləngidir. Bu durumda sual yaranır ki, hərbi təcavüzə əl atan tərəfin öz siyasətini dəyişmək niyyəti var, ya yoxdur?

Bunun üçün işğalı və ya hərbi təcavüzü dəstəkləyən qanunlara son qoymalıdırlar. Amma bunun olmadığını görürük. Əgər bu yoxdursa, biz də o qənaətə gəlirik ki, məğlub Ermənistan danışıqları uzatmaqla vaxt qazanmağa və bu müddətdə təcavüzkar siyasətini davam etdirmək üçün revanşa hazır vəziyyətə gəlməyə çalışır.

Bilirsiniz ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var. Həmin bəyannamədə Qarabağ “Ermənistan ərazisi” kimi göstərilir. Belə bir vəziyyətdə sual yaranır ki, onlara silah və dəstək verən dünyadakı bəzi siyasi mərkəzlərin məqsədləri nədir? Bu, həmin bədnam proqramı Ermənistan üçün həyata keçirmək cəhdidirmi?

Belə bir iddiada olan Ermənistanı silahlandırmaq revanş üçün zəmin yaradır. Məsələ bu baxımdan ciddidir.

Azərbaycan prezidenti Milli Məclisdəki çıxışında bunların hamısını bəyan elədi. Bu, bir mesaj və xəbərdarlıqdır. Bu, həm Ermənistan, həm də onun havadarlarına edilən xəbərdarlıqdır: Azərbaycan heç vaxt imkan verməz ki, Ermənistan ölkəmizə qarşı işğal, etnik təmizləmə və sair hərbi cinayətləri təkrarlasın. Bu, kifayət qədər ciddi mesajdır.

- Ermənistanın məqsədi revanşdırsa, bəs onu silahlandıran dövlətlərin hansı hesabları var?

- Azərbaycan heç vaxt bu planların həyata keçirilməsinə imkan verməyəcək. Azərbaycan düşmən qüvvələrə göstərir ki, bu planlar reallaşmayacaq. Ermənistan da seçim eləməlidir. Çünki biz İrəvandan ziddiyyətli bəyanatlar eşidirik, ziddiyyətli addımlar görürük. Gah sülhdən danışırlar, gah da revanşdan. Real addımlar da ciddi şübhələr yaradır.

Hələ Ermənistanın Azərbaycana təzminat ödəməsi məsələsini həlli tapmayıb, amma kənardan (Qərbdən) onlar üçün göndərilən pulları silahlara xərcləyirlər.

İşğaldan biz əziyyət çəkmişik – qurban bizik, indi yüzminlərlə insanı dağıdılmış yurdlarına qaytarmalıyıq, bu yöndə kifayət qədər həll etməli olduğumuz məsələlər var. Belə bir durumda işğalçıya kömək eləmək nə deməkdir? İşğalın qurbanına yox, işğalçıya kömək edirlər. Həmin mərkəzlərin siyasi məntiqini başa düşmək mümkün deyil. Nə istəyirlər? Doğrudanmı onların məqsədi Ermənistanı silahlandırıb, onun işğalçı siyasətini davam etdirməkdirmi?

Təhlükə daşıyan digər faktorlar da var. İndi yenə təbliğ olunur ki, “Qarabağ erməniləri qayıtmalıdırlar, Azərbaycana sanksiya tətbiq edilməlidir” və sair. Ermənilər Qarabağdan özləri gediblər, bunun da səbəbkarları biz yox, onların Ermənistandakı havadarları və anneksiya siyasətini dəstəkləyən siyasətçilərdir. Bu keçmiş münaqişənin əsl qurbanları bizik: yüzminlərlə azərbaycanlı öz yurdundan didərgin düşüb, öldürülüb. Bəs onlar niyə yada salınmır?

Bu da onu göstərir ki, “Qarabağ mövzusu”nu yenidən gündəmə gətirmək istəyirlər. Bu taktikaları görünür. İstəyirlər ki, vaxtilə bolşeviklər tərəfindən qanunsuz olaraq onlara verilmiş ərazilər və ya sərhədləri təsbit eləsinlər, bundan sonra yenə “Qarabağ mövzusu”nu gündəmə gətirsinlər. Təzə bir formadır. Bu, real təhlükədir və biz bunu görürük, qarşısı mütləq alınmalıdır. Yəni Ermənistanın anneksiya siyasətinin davam etdirilməsi üçün bu və ya digər formada zəmin yaradılır.

- Bu separatçı məsələ bir neçə gün öncə ABŞ Konqresində də müzakirə olunmuşdu. Niyə yenidən bu mövzuya üz tuturlar?

- Ermənilərin oyunlarına getməməliyik. Mən şəxsən hesab edirəm ki, artıq söhbət separatçılardan getmir, əsas məqsəd Azərbaycan torpaqlarının anneksiyası ilə bağlıdır. Ermənistanın bu siyasəti Konstitusiyasında təsbit olunub. Bu məqsədlərinə görə Konstitusiyanı dəyişmək istəmirlər. İndi separatçılardan danışmaq düzgün olmaz, onlar proksilərdir. Bu proksilər də Ermənistan büdcəsindən maliyyələşir. Həmçinin onlar üçün ayrı bir ad var: irredendist qüvvələr. Bunları proksi qüvvələr də adlandırmaq olar.

Bu cür proksiləri dünyanın müxtəlif yerlərində də görə bilərik. Məsələn, Ukraynada. Yeni bir məsələ deyil. Məsələyə düzgün siyasi qiymət vermək lazımdır.

- Təzminat məsələsi də gündəmdədir. İndi Azərbaycan rəsmən təzminat tələb etsə, Ermənistan bunu hansı şəkildə ödəyəcək?

- Təzminatı həm dövlət, həm də adi vətəndaşlar tələb edə bilər. Çünki həm dövlət, həm də adi vətəndaşlara ziyan vurulub. Beynəlxalq qanunlar əsasında həm dövlət, həm də vətəndaşlar olaraq məsələni beynəlxalq qurumlar qarşısında qaldıra bilərik.