Rusiyada işləməyə gedənlər MÜTLƏQ OXUSUN - Nələrə diqqət edilməlidir...
    • 26-09-2024, 08:50
    • 157

Rusiyada işləməyə gedənlər MÜTLƏQ OXUSUN - Nələrə diqqət edilməlidir...

Vətəndaşlarımız başlarına Çeçenistandakı kimi oxşar hadisənin gəlməməsi üçün nələrə diqqət etməlidirlər?

Sentyabrın 24-də Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi barədə xəbər verilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb.

“Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, təqribən bir ay bundan əvvəl Çeçenistanda 3 nəfər Azərbaycan vətəndaşları Elxan Şirinov, Vüqar Məhərrəmov və Nihad Rzayevin Rusiya Federasiyası miqrasiya qanunlarını pozmaları ittihamı ilə saxlanıldıqları, daha sonra Elxan Şirinov və Vüqar Məhərrəmovun Ukraynada müharibəyə göndərilmək məqsədilə təlimlərə Qroznıda cəlb olunduqları barədə xəbərlər yayılmışdı.

Beləcə, dövlətimiz üç vətəndaşımızı ucuz ölümdən xilas etdi. Bəs Rusiyaya iş dalınca getmək istəyən vətəndaşlarımız başlarına oxşar hadisənin gəlməməsi üçün nələrə diqqət  etməlidirlər?

Mövzu ilə bağlı Musavat.com-a danışan hüquqşünas Polad Mehdiyev deyir ki, Azərbaycan vətəndaşları olduğu ölkədə müvəqqəti qeydiyyata düşməlidirlər. Bunun üçün həmin ölkənin miqrasiya xidmətini həyata keçirən orqana yaxınlaşmalıdırlar.

“Qeydiyyata düşdükdə ona müvəqqəti qeydiyyat sənədi verirlər. Həmin sənəd onun orada müvəqqəti qaldığını təsdiq edir. Bu olmadığı təqdirdə vətəndaşlarımızı götürüb müharibəyə aparırlar. Lakin bu yanlışdır. Şəxsiyyətin sənədi təsdiq olunmalıdır. Şəxsiyyəti müəyyən edib döyüşə aparmaq qanunsuzdur. Vətəni müdafiə yalnız həmin ölkənin vətəndaşların vəzifələridir. Azərbaycan vətəndaşları Rusiya vətəndaşı olmadığına görə onları döyüşə aparmaq tamamilə qanunsuzdur.  Buna görə də Azərbaycan Xarici İşlər Nazirliyinin notası tam yerində idi. Nəticədə həmin problem həll olundu. Vətəndaşlarımız bu cür problemlərlə üzləşməmələri üçün orada qeydiyyat məsələlərinə riayət etməlidirlər”. 

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, bu hadisə bir daha göstərdi ki, hansısa bir ölkənin ərazisində qanunsuz yaşamağın özü kifayət qədər təhlükəli məsələdir. 

“Biz hər zaman xarici ölkələrə üz tutan şəxslərə bir neçə tövsiyə veririk. Onlardan biri də budur ki, istənilən şəxs xarici ölkəyə gedərkən ilk əvvəl hüquqi prosedurlardan keçməyə cəhd etməlidir. Miqrasiya qeydiyyatına yazılmalı və bu qaydalara uyğun davranmalıdır. Bu qaydalardan irəli gələn  vəzifələri icra etməlidir. Bununla yanaşı, bizim qanunvericilikdə də bir məqam var. Orada göstərilir ki, xarici ölkəyə səfər edən şəxs arzu olunandır ki, bizim diplomatik korpusla əlaqə saxlasın, müəyyən məlumat versin. İnsanlar nədənsə bu tövsiyələrimizə laqeyd yanaşırlar. Bu da insanların səhlənkar davranmağı ilə bağlı olan məsələdir.  Digər tərəfdən də insanlar hesab edirlər ki, onlar hansısa bir ölkənin ərazisində miqrasiyanın tələblərinə uyğun davranmağa hazırdılar. Lakin sonrakı mərhələdə bizə daxil olan şikayətlər bunun əksini göstərir. Məlum olur ki, vətəndaşımız hansısa bir vasitəçi şirkətlə müqavilə bağlayaraq, saxta sənədlər düzəldir və sonrakı mərhələdə onunla müəyyən prosedurlar başladır. Bu aşkarlananda isə çox ciddi cəza tətbiq edilir və ya deportasiya olunur.

İlk olaraq qaydalara uyğun davranmaq lazımdır. Ölkəyə giriş leqal olmalıdır. Çeçenistan məsələsində məlum olur ki, vətəndaşlarımız qanunsuz olaraq orada yaşayırmışlar. Onlar sonradan hansısa bir formada aşkarlanıb təcrid olunublar. Bütün bunlar onlar qanunsuz yaşadıqları üçün baş verib.

Diplomatik korpus və diaspor təşkilatlarına vətəndaşlarımız özləri haqqında məlumat verməlidirlər. Bir ölkəyə gedirsənsə, orada ən çətin zamanında üz tutacağın yeri müəyyənləşdirməlisən. Bu, ən vacib tövsiyələrdən biridir. Qanunsuz miqrantın müdafiəsinin təşkil olunması nisbətən dar çərçivədə həyata keçirilir.

Bir müddət əvvəl də Mərkəzi Asiyadan olan şəxslərin Rusiya tərəfindən Ukrayna ilə müharibəyə cəlb olunması hadisəsi olmuşdu. Həmin şəxslər qanuni şəkildə ölkə ərazisinə daxil olan miqrantlar idi. Onlarla əmək müqaviləsi bağlanmışdı. Həmin şəxsləri hansısa bir istiqamətə aparmışdılar. Səhər açılanda onlar döyüş bölgəsinə aparıldıqlarını görmüşdülər. Onlara təlimlər keçirilmişdi, silahlar verilmişdi. Bir günün içində mülki şəxsdən döyüşçüyə çevrilmişdilər. Onları dili yaxşı bilmədiklərinə görə aldadıb sənədlər də imzalatmışdılar. Bu hadisə böyük rezonans doğurmuşdu.

Azərbaycanla bağlı isə sonuncu hadisəyə qədər belə hal olmamışdı. Bu da onu göstərir ki, istənilən şəxs bir ölkənin ərazisində qanuni də yaşasa bu kimi hallardan sığortalanmayıb. Sığortalanmağın tək yolu odur ki, yerli icma və diaspor təşkilatları ilə sıx əlaqədə olmalıdır. Bu yolla şəxsin birdən-birə yoxluğu və hüquqlarının pozulması barədə aidiyyəti strukturlarda məlumat olacaq. Belə olan halda qeyri-qanuni yolla hərbi əməliyyata cəlb olunmayacaq".