-
- 26-09-2024, 17:19
- 196
Paytaxtı hara KÖÇÜRƏK? –Bakıdakı xaosa ÇARƏ + FOTO
Son günlər mediada əsas müzakirə mövzusu paytaxtın Azərbaycanın digər ərazisinə köçürülməsidir. Bakıda sıxlıqla bağlı əsl xaos yaşandığını, tıxacların insanları cana gətirdiyini, ictimai nəqliyyatın iflic olduğunu, hər gün bir neçə saatın yollarda keçdiyini əsas gətirən şəhər sakinləri, eləcə də ayrı-ayrı ekspertlər iddia edirlər ki, paytaxt başqa əraziyə köçürülsə problemlər həllini tapacaq. Onlar paytaxtın Qarabağa, yaxud Gəncəyə köçürülməsini daha məqbul sayırlar.
Bu iddialar əsaslı, təkliflər ağlabatandırmı?
News24.az bildirir ki, Medianews.az mövzu ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat konstruksiyası kafedrasının professoru, Əməkdar mühəndis Lətif Zeynalovun fikrini öyrənib.
Professor bildirib ki, paytaxtın köçürülməsi dünyada yayılmış və qəbul olunan məsələdir. O, buna misal kimi Türkiyənin paytaxtının İstanbuldan Ankaraya, Qazaxıstanın mərkəz şəhərinin isə Alma-Atadan Astanaya köçürülməsini göstərib. Lakin qeyd edib ki, Azərbaycan kimi çox da böyük olmayan ölkədə paytaxtın köçürülməsi çətin prosesdir: “Paytaxtı dəyişməkdənsə, Bakını yükdən azad etmək daha vacib məsələdir. Paytaxtın yükünü azaltmağın isə müxtəlif variantları var. Bu istiqamətdə də işlər gedir. Məsələn, sənaye və ali təhsil müəssisələrinin kənara köçürülməsi və s. Lakin prosesi bir az da ciddi hala salmaq mümkündür. Qarabağda olduğu kimi digər bölgələrdə də yeni, qabaqcıl ali təhsil müəssisələri, məktəblər, liseylər yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək, hətta nazirliklərin köçürülməsini təmin etmək olar. Texnologiyanın inkişaf etdiyi bir dövrdə şərt deyil ki, nazirliklər, bir sıra dövlət və özəl müəssisələr Bakıda yerləşsin. Düşünürəm ki, bu variantlardan istifadə etmək daha düzgün olar. Çünki payxatı köçürmək o qədər də sadə məsələ deyil. Bizim qarşıda görüləcək çox işlərimiz var. Ola bilər ki, gələcəkdə bu, mümkündür, amma indi bunu həyata keçirmək qeyri-mümkündür, real deyil”.
Əməkdar mühəndis vurğulayıb ki, paytaxtda əsas problem sıxlıqla bağlıdır: “Düzdür Sumqayıt sənaye mərkəzi kimi yaradıldı. Amma həmin müəssisələrin bir çoxunu başqa bölələrdə də yaratmaq olardı. Müşahidələr onu göstərir ki, bu istiqamətdə də işlər gedir. Regionlarda yaradılan sənaye məhəllələri və parkları buna bir misaldır. Məsələn, niyə gübrə zavodu məhz Sumqayıtda olmalıdır? Belə zavodları Yevlaxda, Şəkidə, Şamaxıda, Gəncədə, Şirvanda və digər bölgələrdə də yaratmaq mümkündür. Bu istiqamətdə işlər getməlidir. Şəhər təbii şəkildə boşaldılmalıdır. Başqa bir məsələ ictimai nəqliyyatın daha yaxşı vəziyyətə gətirilməsidir. Məsələn, bizim gənclik illərimizdə Bakı şəhərində 8 nömrəli trolleybus var idi. Onun hərəkət istiqaməti dairəvi idi, biri sağdan sola, digəri soldan sağa hərəkət edirdi. Təsəvvür edin, 2 ədəd belə dairə yaradılsa və avtobuslar yaxşı işləsə, çox insan ictimai nəaliyyatdan istifadə edər. Yaxud, Sumqayıtla Bakının arasında bir vaxtlar metro çəkilmək problemi ortaya atılmışdı. Amma hazırda o metro xəttinin çəkilməsinə ehtiyac yoxdur. Çünki, indi dəmiryolu xətti var. Bunlardan istifadəni daha səmərəli və əlçatan hala salmaq mümkün olarsa, Sumqayıtdan Bakıya və ya əksinə gəlmək üçün insanlar avtomobildən istifadə etməzlər”.
L.Zeynalov qeyd edib ki, paytaxtı yükdən azad etmək üçün daha bir uğurlu addım mərkəzdə çoxmərtəbəli binaların tikintisinə qadağanın tətbiq edilməsidir: “Şəhərsalma prinsipində binaların mərkəzə daha yaxın tikilməməsi mövzusu Bakı şəhərinin Baş Planında yer alıb. Digər bir mühüm məsələ iri ticarət mərkəzlərini yalnız şəhərin mərkəzində deyil, ətraf ərazilərdə də yaratmaqdır. Düzdür, Baş Plan olmadığı dövrdə bəzi nöqsanlara, pozuntulara yol verilib, amma ümid edirəm ki, bundan sonra bu amillər ciddi nəzarət altında olacaq”.