-
- 27-09-2024, 09:02
- 304
Sülh müzakirələrinin AÇIQLANMAYAN TƏRƏFİ - Nyu-Yorkda nələr müzakirə edildi?
Nyu-Yorkda sentyabrın 26-da ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən görüşün Nyu-York vaxtı ilə səhər saat 10.15-də keçiriləcəyi əvvəlcədən elan olunmuşdu. Dövlət Departamenti bu barədə məlumat yaysa da, əlavə şərh verməmişdi. Güman edilirdi ki, ABŞ Ceyhun Bayramovla Ararat Mirzoyanı sülh danışıqlarının “son mərhələsi” hesab edilən prosesi başlatmaq üçün görüşdürəcək. Ancaq üzərində müzakirələr aparılan sülh sazişi layihəsinin 80 faizi razılaşdırılıbsa, bu halda “son mərhələ”dən danışmaq tezdir. Düzdür, Nikol Paşinyan sülh sənədinin razılaşdırılan bəndlərinin imzalanmasını təklif edir, amma onun bu arzusunun reallaşacağını gözləmək absurd olardı.
Bu arada, Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışında deyib ki, dünya ictimaiyyəti Ermənistanı dəstəkləməlidir. “Beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün Ermənistanı dəstəkləməlidir”.
"Ermənistana səfərimdən iki həftə sonra biz erməni həmkarım Ararat Mirzoyanla danışıqları davam etdiririk". Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot X sosial şəbəkəsindəki mikrobloqunda yazıb. “Biz dəstəkləyirik: Ermənistan demokratiyasının suverenliyi və davamlılığı; Cənubi Qafqazda ədalətli və davamlı sülh”, - o qeyd edib. Fransanın katalizator rolunu oynadığı günlərdə Ermənistanın normal mövqe sərgiləyəcəyi də şübhəlidir. Əslində Makron revanşizmə dəstək mesajı verib və bununla həm də Nyu-York görüşünə kölgə salmış olub.
Qeyd edək ki, bu görüş Blinkenin üç aydan az müddətdə ABŞ-da azərbaycanlı və erməni həmkarları ilə təşkil etdiyi ikinci üçtərəfli görüş idi.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də qeyd edib ki, hazırda əlavə heç bir təfərrüat barədə danışa bilməz.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində görüşüblər.
22 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Əslində BMT Baş Assambleyası çərçivəsində nazirlər ənənəvi qaydada görüşürlər. Bu mənada fövqəladə nəticə gözləmək bəlkə də artıqdır. Amma bəzi məqamlara diqqət etməkdə fayda var. Xüsusilə də sülh bəyanatlarının kölgəsində gizlənən Ermənistan rəhbərliyinin ayrı-ayrı təmasları rəsmi İrəvanın mövqeyinə nəzərəçarpacaq dərəcədə təsir göstərir.
Görüşdən bir gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Analena Barbokla görüşdə yenə də sülhdən danışıb. Həmsöhbətlər qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri, ikitərəfli gündəliyi, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsini və regional mövzuları müzakirə ediblər. Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti kontekstində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələrə dair fikir mübadiləsi aparılıb. Ararat Mirzoyan vurğulayıb ki, hazırda sülh müqaviləsinin bağlanması üçün real imkan var. Real sülh imkanları nədən ibarətdir? XİN başçıları bu yöndə nələri razılaşdıra bilər?
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rəsmi Vaşinqtonun hazırkı siyasətinin pozitiv nəticə verəcəyinə inanmır: “Əgər ABŞ özəlliklə də son bir neçə ayda yeritdiyi hirsli hayalətli siyasətin regionda qarşıdurmanı gücləndirməklə birgə, həm də onun maraqlarına böyük zərbə vurduğundan, Azərbaycana yanaşmada dostluqdan tam uzaq olan bu davranışının heç də cavabsız qalmayacağından düzgün nəticə çıxarmayıbsa, sözügedən görüşdən proseslərin sülhə doğru irəliləməsi baxımından önəmli nəsə gözləmirəm. Bu il aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli ABŞ-Avropa Birliyi-Ermənistan görüşlərindən sonra atdığı addımlarla bu regionda dayanıqlı və davamlı sülhdə qətiyyən maraqlı olmadığını sərgiləyən Bayden administrasiyasının belə bir görüşün təşkilində canfəşanlığı Paşinyan və komandasının açıqlamaları kimi, gözə kül üfürməkdən və qarşı tərəfə göstərəcəkləri növbəti hərbi-texniki, diplomatik, eləcə də informasiya dəstəyinə haqq qazandırmaq üçün zəmin hazırlamaqdan başqa bir şey deyildir. Bir daha vurğulayıram, onlar bu cür görüşlərin təşkili və Ermənistan rəhbərliyinə daim sülh gündəliyindən dəm vurmağı tövsiyə etməklə, sadəcə, bizə qarşı apardıqları informasiya savaşı üçün tutalqalar yaradırlar”.
Real sülhə gəldikdə, S.Alıyev bildirdi ki, Ermənistanı bunun üçün gərəkən addımları atmağa qoymurlar: “Mən bu fikirdəyəm ki, torpaqlarını işğaldan qurtardığı, üzərində suverenliyini tam təmin etdiyi, sülh üçün əlverişli şərait yaratdığı kimi, regiona davamlı sülhü də Azərbaycan gətirəcək, bu qəbildən olan görüşləri təşkil edənlər yox”.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, bu görüşdən ciddi nəticə gözləmək yanlışdır: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsindəki bu kimi görüşlərin hansısa bir ciddi uğurla nəticələnəcəyini düşünmürəm. Birincisi, 4 ildir ki, danışıqlar gedir. Bir çox məsələlər müzakirə olunub. Razılaşdırılmış və razılaşdırılmamış məsələlər bəllidir. Lakin razılaşdırılmamış mövzuların hansının ətrafında yaxınlaşma var, bu bilinmir. Əksinə, prezidentin parlamentin açılış iclasındakı son nitqi kəskin mövqedə idi. Ölkə başçısı açıq-aydın bildirdi ki, Ermənistan daşı ətəyindən tökməlidir və beynəlxalq hüququn tələblərini qəbul etməlidir. Ermənistanın bu məsələlərdə hansısa mövqeyinin dəyişməsi haqqında heç bir əlamət yoxdur. Bu baxımdan ABŞ tərəfinin nikbin öncəgörmələri və yanaşması, məncə, əsassızdır”. Politoloqun fikrincə, danışıqların daha effektiv nəticələr verməsi üçün Bakı ilə İrəvan təkbətək və ikili görüşlər keçirməlidir: “Mənə elə gəlir ki, nə Rusiya, nə İran, nə də hansısa Qərb ölkəsi bu məsələyə qarışmamalıdır. Hər iki ölkə sadəcə ikitərəfli qaydada görüşlər və danışıqlar keçirməlidir. Belə olan təqdirdə Azərbaycan və Ermənistan sülhə daha tez yaxınlaşacaq. Hazırda hər bir vasitəçi dövlət bu məsələdə öz mənafeyindən çıxış edir. İran dəhlizə nəzarətin Qərbə keçməsini istəmir, lakin Rusiyanın olmasının da tərəfdarı deyil. Qərb isə Moskvanın regiondakı fəaliyyətlərinə qarşıdır. Adama deyərlər ki, sizə nə var? Bu yol Ermənistandan keçməklə, Azərbaycanı Naxçıvanla birləşdirəcək. Deməli, bu məsələ iki dövləti maraqlandırır. İndiki vəziyyətdə top Ermənistanın meydanındadır. İrəvan Rusiya ilə münasibətlərini tam qaydasına qoyduqdan sonra dəhlizə kimin nəzarət edəcəyi tam dəqiq bilinəcək. Yerdə qalanlar isə sadəcə texniki məsələlərdir”.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacaq, bu, Ankaranın İrəvana şərtidir. Bunu isə politoloq Elxan Şahinoğlu deyib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünü müsbət qiymətləndirmək olar. Birincisi, Ərdoğan Paşinyanı ayağına gətirib, görüş BMT binasının yanındakı "Türk Evi"ndə keçirilib. Ərdoğanın Paşinyana təqdim etdiyi "Daha ədalətli dünya mümkündür" kitabında Türkiyənin regional maraqları əks olunub. Paşinyan həmin kitabı oxumasa belə, bu kitabla şəkil çəkdirməsi onun Ərdoğanın mesajını qəbul etməsi anlamına gəlir". Siyasi şərhçinin qənaətinə görə, Ərdoğan bu görüşdə Paşinyana bir daha anladıb ki, Ermənistan Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin bərpasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalı və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir: "Bu olmadan Türkiyə birtərəfli addım atmayacaq. Türkiyə lideri BMT tribunasında da bəyan elədi ki, Ermənistan-Türkiyə əlaqələrinin normallaşması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacaq".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Blinkenin vasitəçiliyi ilə Nyu-Yorkda bir araya gəlib: “İki ölkə arasında əldə olunan razılaşmaların davam etməsində Vaşinqtonun obyektiv vasitəçiliyi də mühüm rol oynayıb. Nazirlər sülh gündəliyi və sülh müqaviləsində bir neçə bəndin müzakirəsini aparıb. Xüsusilə ABŞ Rusiyanın Zəngəzur dəhlizi məsələsində fəallaşmasından narahatdır. Bu məsələ də danışıqlar predmeti ola bilər”.
Ekspert Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların davam etməsinə də diqqət çəkdi: “Bu görüşdə sülh müqaviləsinin bağlanması tarixi, sərhədlərin delimitasiyasının hansı istiqamətdə aparılması və liderlərin mümkün görüşü müzakirə edilə bilər. Həmçinin Ermənistanın COP29-da iştirakı məsələsi müzakirə predmeti ola bilər. Bundan əlavə, ikitərəfli danışıqlar çərçivəsində üçüncü vasitəçiyə ehtiyac olmayacagı barədə razılaşmanın əldə olunacağı şübhə doğurmur". Politoloq istisna etmir ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması əsas müzakirə predmeti olacaq.
Görüş başladığı saatlarda artıq qəzetimiz çapa hazırlanırdı. Odur ki, nəticələr və detallar haqda növbəti sayımızda məlumat verməyə çalışacağıq...
//“Yeni Müsavat”