Niyə daha çox qızları övladlığa götürürlər?
    • Bu gün, 19:15
    • 94

Niyə daha çox qızları övladlığa götürürlər?

Psixoloq: “İnsanlar yaşadıqlarından belə nəticəyə gəldilər ki, valideynlərinin qayğısına daha çox qız uşaqları qalır”

2024-cü il may ayında ölkədə 3884 qız, 4656 oğlan doğulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu ilin ötən dövründə 123 uşaq övladlığa verilib, onlardan 1 nəfəri (oğlan) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir.  Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən APA-ya deyiblər.

Məlumata görə, övladlığa verilənlərdən 59 nəfəri oğlan, 64 nəfəri qızdır.

Qeyd edilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığa götürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. 2024-cü il ərzində Agentlik tərəfindən 604 belə monitorinq həyata keçirilib.

Azərbaycanda övladlığa götürülən uşaqların sayı xeyli azalıb. Məsələn, 2012-ci ildə 989 uşaq yerli övladlığa verilib, onlardan cəmi 145-i qız uşağı olub. İndi övladlığa götürülənlərin sayı xeyli azalıb ki, bunun da əsas səbəbi tibb elminin sonsuzluğa çarə tapmasıdır. Son statistikada diqqətçəkən fakt az da olsa, övladlığa götürülən qızların çoxluq təşkil etməsidir. Övladlığa götürülənlərin sayı niyə azalıb, qızlara üstünlük verilməsinin səbəbi nədir? Çünki adətən, Azərbaycan ailələri övladlığa olsa da, ailədə oğlan uşaqlarına üstünlük verir.

Mövzu ilə bağlı psixoloq Günel İsmayıllı “Yeni Müsavat”a danışıb: “Hazırda iqtisadi, siyasi, sosial baxımından çox sürətli bir inkişaf dönəmindəyik və bu, avtomatik olaraq insan psixologiyasına təsir edir.

Son zamanlar insanlarda təşviş, narahatlıq, qorxu hislərinin, aqressiyanın artdığını müşahidə edirik.  İnsan psixologiyası da belədir ki, özündə qorxu, təşviş hisləri varsa və bunu tənzimləyə bilmirsə, həyatına hansısa yeniliyi salmaqdan çəkinir, o cümlədən yeni uşağa sahib olmaqdan. Beləliklə, əvvəlki illərlə müqayisədə insanlar ciddi psixoloji böhran içərisindədirlər. Əgər insanlar əvvəllər bu böhranı yaşla bağlı və yaxud ailəsində baş verən hansısa hadisə, itki ilə bağlı yaşayırdısa, indi bəzən ciddi bir səbəb olmadan yaşayır, “burulğan”dan çıxa bilmirlər. Hesab edirəm ki, bunun əsas səbəbi koronavirus pandemiyasının törətdiyi fəsadlardır. İnsanlar bu pandemiyadan çox böyük travma, zərbələr aldı. Bəziləri bunun fərqinə varır və psixoloq yanına gedir. Bəziləri isə özündə gedən dəyişikliklərin, narahatlıqların, münasibətlərin pozulmasının əsl səbəbini anlamır, vəziyyət getdikcə daha da pisləşir.

O ki qaldı qızların daha çox övladlığa götürülməsi məsələsinə, məlum olduğu kimi, bir çox insanlar daha çox kütlənin təsiri ilə addım atırlar. Əvvəllər bu amil daha çox var idi. Belə ki, insanlar daha çox oğlan övladına sahib olmağa çalışır və bununla nəsillərini davam etdirdikləri düşüncəsində idilər. Hətta oğlan uşağı dünyaya gətirməyən qadınlara qarşı ciddi stereotiplər var idi, düşünürdülər ki, uşağın qız və yaxud oğlan olması qadından asılı məsələdir. Lakin tibbin, texnologiyanın inkişafı nəticəsində məlum oldu ki, əslində bu məsələ kişidən asılıdır.

Həmçinin insanlar yaşadıqlarından belə nəticəyə gəldilər ki, valideynlərinin qayğısına daha çox qız uşaqları qalır, onlar daha etibarlı olurlar. Həmçinin qızlar böyüdükdən sonra onlara nəzarət etmək valideynlər üçün daha rahat olur. Oğlan uşaqları isə böyüdükdən sonra onların həyatına, davranışlarına, tərbiyəsinə nəzarət etmək çətin olur və bu çətinliyi hər ailə öz üzərinə götürmək istəmir. Hesab edirəm ki, buna görə insanlar artıq daha çox qız uşaqlarını övladlığa götürməyə çalışırlar".

Onu da qeyd edək ki, Azərbaycanda övladlığa götürmə prosesi bir neçə mərhələdən ibarətdir və bu prosesdə həm namizədlərin, həm də uşaqların hüquqlarının qorunması ön plandadır. İlk növbədə namizədlərin övladlığa götürmək üçün uyğun olub-olmadığını müəyyən etmək üçün müvafiq dövlət qurumları tərəfindən yoxlama aparılır. Bu yoxlama namizədlərin maliyyə vəziyyətini, yaşayış şəraitini, sağlamlıq vəziyyətini və digər uyğunluq meyarlarını əhatə edir.

Övladlığa götürmə prosesi məhkəmə qərarı ilə yekunlaşır. Məhkəmə namizədlərin və uşağın hüquqlarının qorunmasını təmin edir və övladlığa götürmə ilə bağlı bütün tələblərə uyğunluğunu yoxlayır.

Məhkəmə qərarından sonra övladlığa götürmə faktı müvafiq dövlət qurumlarında qeydiyyata alınır və uşağın yeni ailəsinin soyadını və digər məlumatlarını daşıyan yeni doğum şəhadətnaməsi verilir.

Övladlığa götürülmə prosesindən sonra dövlət qurumları müəyyən bir müddət ərzində uşağın yeni ailəsində vəziyyətini izləyir və lazım olduqda əlavə dəstək və məsləhətlər təmin edir.

Azərbaycanda uşağı övladlığa götürə bilməyən şəxslər aşağıdakılardır:

- Ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunmuş, ağır psixi xəstəliklərdən və ya infeksion xəstəliklərdən əziyyət çəkən, qanunla fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış və ya fəaliyyət qabiliyyəti olmayanlar, maliyyə çətinliyi olanlar,  uşaq hüquqlarını pozmuş və ya valideynlik hüququndan məhrum edilmişlər, əvvəl övladlığa götürülmüş uşağı təhvil vermiş şəxslər, yaş məhdudiyyəti olanlar, rəsmi nikahda olmayan şəxslər övladlığa uşaq götürmək hüququndan məhrum edilirlər.