Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
    • 3-10-2024, 16:26
    • 659

Bu şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara ödənilən birdəfəlik müavinətin məbləği artırılır.

News24.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Valideynlərini itirmiş və valideyn himayasindan mahrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişiklik layihəsi barədə məlumat verən Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 000 manat müəyyən edilməsi təklif edilib.

Məlumat üçün bildirək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir

Qərar layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.//publika