Ağalarovun ev yarışı qalmaqal yaratdı - Qalib necə seçilib?
    • 12-10-2024, 13:28
    • 634

Ağalarovun ev yarışı qalmaqal yaratdı - Qalib necə seçilib?

Müğənni, iş adamı Emin Ağalarovun “Sea breeze”dən mənzil hədiyyə etdiyi yarış başa çatıb və təsadüfi üsulla seçilən bir nəfər qalib olub.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, yarışın nəticəsi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Bir çoxları qalibin məhdud sayda iştirakçı arasından seçildiyini və seçimin təsadüfi yolla aparılmadığını iddia ediblər.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas məsələyə münasibət bildirib. Onun sözlərinə görə, qalib “Giveawayjet.com” seçim platformasının köməyi ilə seçilib:

“Bu saytın interfeysi elədir ki, qalibi seçən zaman çox limitli insan fotosunu ekranda göstərir. Bu səbəbdən insanlar elə bilir ki, seçim az adam arasında baş tutub.

Bir digər tərəfdən yayımın smartfonla adi şəraitdə edilməsi, telefonu saxlayan adamın hərəkətdə olması inamsızlıq təəssüratı yaradır.

“Instagram”, “TikTok” kimi platformalarda qoyulan tələbləri tam yoxlayıb, bir-bir araşdırıb nəticə verən seçim platforması yoxdur. Burada mütləq insan faktoru olmalıdır. 1 milyon üzəri iştirak olan zaman isə insan faktoru çox çətinləşir”.

Texnobloger vurğulayıb ki, sosial media platformaları bu tipli yarışları etməyi tövsiyə etmir. Bu yarışlar süni səhifə aktivliyi artımı kimi dəyərləndirilir. Əlavə olaraq, profilləri bağlı olan, sonradan bağlayan, sonradan açan, rəy yazan, şərtlərdəki profilləri izləyib-izləmədiyini müəyyən edən "tool"lar da tam yoxdur.