-
- 15-10-2024, 05:53
- 927
“Mənə dedi ki, ananla və bacınla cinsi əlaqədə olmuşam” - Şok təfərrüat
Daşkəsən rayonunda 1997-ci il təvəllüdlü Səlim qısqanclıq zəminində mübahisə zamanı həmyerlisi Elmarı (adlar şərti verilib – red.) qətlə yetirib.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Səlim 25 iyul 2021-ci ildə uzaq qohumunun Daşkəsəndə restoranındakı toy mərasimində iştirak edib. O, bir neçə ay əvvəl anası və bacısı ilə yaxın münasibətdə olduğunu deməsi səbəbindən aralarında konflikt yaranmış 1998-ci il təvəllüdlü Elmarın da toya gələcəyini bilib.
Səlim yenidən baş verə biləcək mübahisəyə görə özüylə bıçaq götürərək atasına məxsus “Lada-Niva 21214” markalı avtomobildə gizlədib. Günorta toyun keçirildiyi restorana gəlib. Saat 17 radələrində bıçağı restoranının həyətində saxladığı avtomobildən götürüb və şalvarının sağ yan cibində gizlədib. Daha sonra anası və bacısı haqqında dediyi sözlərlə əlaqədar Elmarı restoranının arxasına dəvət edib. Söhbət zamanı ondan anası və bacısı ilə yaxın münasibətdə olduğunu sübutlarla təsdiq etməyii tələb edib. vakansiyalar
Elmar əvvəl söylədiklərini təkidlə açıq şəkildə bildirdikdə mübahisə yaranıb. Əlbəyaxa olarkən Elmar onun sifət nahiyəsinə dalbadal yumruq zərbələri vurub.
Anası və bacısı barəsində nalayiq ifadələr işlətməsi, onu döyərək xəsarət yetirməsi səbəbindən Səlim üzərində olan bıçağı çıxararaq Elmarın döş qəfəsinə zərbə vurub.
Elmar aldığı xəsarətdən ölüb.
“Məni təhqir etdi”
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Daşkəsən rayonunun kəndində yaşayır:
“2018-ci ildə ailə qurmuşam, 2 azyaşlı övladım var. Mən və mərhum Elmar eyni kənddə yaşamışıq, orada böyümüşük. Aramızda qohumluq əlaqələri də var. Elmarın əmisi bibimin əridir.
Elmarla əvvəllər münasibətim yaxşı olsa da, son vaxtlar aramızda narazılıq, söz-söhbət yarandı. Səbəb hadisədən təxminən 2-3 ay əvvəl söhbət zamanı onun məni təhqir etməsi oldu”.
“Anamla, bacımla gəzdiyini bildirdi”
Səlimin sözlərinə görə, hadisədən təxminən 2-3 ay əvvəl votsap vasitəsi ilə yazışanda Elmardan onu “bazlıq” üçün qadın yanına aparmasını istəyib: “Elmar mənə kobud formada kişi olmadığımı dedi, aramızda narazılıq yarandı. Bir-birilərimizi təhqir etdik.
Elmar votsapda zəng edərək guya anam və bacımla gəzdiyini dedi, məni “peysər” adlandırdı. Onun bu sözü mənə pis təsir etdi. Aramızda olan söhbəti tamamlayaraq evə getdim. Anama, bacılarıma Elmarın sözlərini çatdırdım. Onlar deyilənlərin yalan olduğunu bildirdilər.
Bundan sonra Elmarla görüşərək məsələni aydınlaşdırmaq qərarına gəldim. Lakin həmin vaxtdan sonra hadisə gününə qədər Elmarla rastlaşmadım”.
“Söhbət etmək qərarına gəldim”
Səlim qeyd edib ki, 25 iyul 2021-ci il tarixdə qohumu Elmiranın toy məclisinə dəvət olunub: “Toy keçirilən restorana saat 14 radələrində valideynlərim və həyat yoldaşımla birlikdə atama məxsus “Lada Niva 21214” markalı avtomobillə gəldik.
Əvvəllər Gəncə şəhərindən, xatırlamadığım yerdən aldığım bıçağı da avtomobildə gizlətdim. Bundan atamın və digər ailə üzvlərimin xəbəri olmadı.
Məqsədim Elmarın toyda mənə qarşı bir neçə gün əvvəl davrandığı kimi edərsə, yəni anamla, bacımla gəzməsi barədə ifadələr işlədərsə, aramızda dava-dalaş düşərsə ona qarşı istifadə etmək idi. Toyda masada həmkəndlilərim, atam, yeznəm, əmim oğlanları, qonşularımızla birlikdə oturdum. Elmarı görəndə onunla söhbət etmək qərarına gəldim”.
“Anam və bacımla cinsi əlaqədə olduğunu dedi”
Səlimin sözlərinə görə, restoranının həyətində atasına məxsus “Niva”dan bıçağı götürüb, sonra Elmarı bayıra çağırıb: “Birlikdə restorandan çıxdıq. Əvvəlcə yan tərəfdə tualet olan yerə getdik. Oradan isə restoranın arxa tərəfinə keçdik.
Mən Elmardan anamın və bacımın barəsində dediyi sözləri sübut etməyi tələb etdim. O, yenidən nalayiq söyüşlər söydü, anamla, bacımla gəzdiyini təkidlə sübut edə biləcəyini, hər ikisi ilə cinsi əlaqədə olduğunu dedi. Aramızda əlbəyaxa dava başladı.
Elmar boğazımdan tutaraq burnuma yumruq zərbəsi vurdu. Həmin vaxt yanımızda heç kim yoxuydu”.
“Ürək nahiyəsindən vurdum”
Səlim qeyd edib ki, onların səs-küyünə 5-6 nəfər adam toplaşıb: “Bizi aralamağa başladılar. Məni qayınatamın qardaşı Taleh tutdu. Taleh və yanındakılar kənara çəkildikdə Elmar yenə də boğazımdan tutaraq sifət nahiyəmi yumruqladı, xəsarətlər aldım. Elmara gücüm çatmayacağını gördüm. Anam və bacımla intim münasibətdə olduğunu dediyinə, həmçinin məni yumruqla vurduğuna görə qisas almaq üçün onu öldürmək qərarına gəldim.
Bıçağı çıxardım və onun ürək nahiyəsindən vurdum. Bıçaq zərbəsi aldıqdan sonra da Səlim mənə yenə yumruq atdı və məni öldürəcəyini deyərək kənara çəkildi.
Həyəcanlı olduğumdan əlimdən bıçağı kiminsə aldığını və ya bıçağın əlimdən yerə düşdüyünü xatırlamıram”.
Təqsirləndirilən şəxs deyib ki, atası onun yanına gəlib: “Məni danladı, nə üçün belə bir hadisə törətdiyimi soruşdu. Elmarın yaxınlarının məni öldürəcəklərindən qorxub, yaxınlıqda yerləşən dağlıq-meşəlik əraziyə tərəf getdim.
Atamın xalası oğlu Elçinə zəng vurdum, adam bıçaqladığımı, onun yaxınlarının məni öldürəcəklərindən qorxduğum üçün dağlıq ərazidə olduğunu bildirdim, polisə könüllü təslim olmaq üçün mənə kömək etməsini xahiş etdim. Elçin bir yerdə gözləməyimi, gəlib məni aparacağını dedi.
Razılaşdıqdan sonra mən Yuxarı Daşkəsən qəsəbəsinə getdim. Elçinin avtomobili ilə Daşkəsən rayon prokurorluğuna gələrək könüllü təslim oldum. Prokurorluqda Elmarın ölməsindən xəbər tutdum. Törətdiyim əməldən peşmanam”.
“Dava-dalaş olduğunu dedilər”
İş üzrə zərərçəkmiş Elmarın hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mərhum Elmar onun doğma oğlu, təqsirləndirilən Səlim isə həmkəndlisidir:
“Təxminən qətl hadisəsindən bir il əvvəl Səlimlə oğlum Elmarın arasında telefonda mübahisə düşdü, bir-birilərinə nalayiq söyüşlər söydülər. Bunu mənə Səlimin atası dedi. Mən də oğlumu danladım. Oğlum Səlimin anası və bacısı haqda nalayiq ifadələr işlətməyib.
İyulun 25-də həmkəndlimiz Səidənin qızı Elmiranın toy məclisinə dəvət olunduq. Oğlum Elmarın toya getmək planı olmasa da, onun maşınında gəlinin əyləşəcəyi nəzərdə tutulduğundan imtina edə bilmədi.
Toyda oğlum Elmar digər oğlum İslamla eyni masada oturdur. Mən Elmarın toy zalından çıxmasını görmədim. Təxminən saat 17 radələrində zaman toydakı qonaqlar çöldə dava-dalaş olduğunu dedilər”.
“Oğlum xəstəxanaya çatmadı”
Hüquqi varis qeyd edib ki, daha sonra qonaqlarla birlikdə çölə çıxıb: “Mən kafenin arxa qapısının yanında Elmarın yerdə uzandığını, sinə nahiyəsindən qan axdığını, anasının onu qucaqladığını və orada çoxlu adam toplaşdığını gördüm.
Çoxlu qan itirdiyi üçün Elmardan heç nə soruşmadım. Onu xəstəxanaya aparmaq üçün avtomobilinin yanına getdim. Avtomobili kafenin giriş hissəsinə gətirəndə qardaşım oğlunun Elmarı avtomobilinə əyləşdirdiyini gördüm. Onların arxasınca xəstəxanaya getdik. Elmar xəstəxanaya çatmadı, yolda vəfat etdi”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səlim 10 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. O, təqsirlədirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. Bu qərardan da narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi kasasiya şikayəti verib. Ali Məhkəmədə şikayəti haqlı hesab etməyib.