Pensiya və müavinətlər bu qədər artacaq: Layihə parlamentə göndərildi
    • 17-10-2024, 17:20
    • 2 952

Pensiya və müavinətlər bu qədər artacaq: Layihə parlamentə göndərildi

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılması gözlənilir. Prezident İlham Əliyevin göstərişinə əsasən, Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Eyni zamanda digər sahələrdə də artımların olması proqnozlaşdırılır.

News24.az bildirir ki, Teleqraf.com-a açıqlamasında iqtisadçı alim Vahid Əhmədov müdafiə və təhlükəsizlik xərclərinin artırılmasının Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə adekvat olduğunu söyləyib.

“Sözsüz ki, Azərbaycan tərəfindən cavab tədbirlərinin görülməsinə ehtiyac var idi. Məhz bu xərclərin maliyyələşdirilməsi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək. Həmçinin sosial sahədə artırımların olacağı gözlənilir”, - deyə o əlavə edib.

İqtisadçı hesab edir ki, sosial sahəyə ayrılan vəsait dövlət büdcəsinin 45 faizini əhatə edəcək:

“Müəyyən qədər artım da var. Ötən illə müqayisədə 9,5 faiz artım olacaq. Bu, müsbət haldır. Sözsüz ki, dünyada gedən proseslərin Azərbaycanın da öz hərbi qüdrətini artırmasını təşviq edir. Məhz təhlükəsizlik və müdafiə xərclərinə nəzərdə tutulmuş 1,7 milyard manat artım bununla bağlıdır”.

Vahid Əhmədova görə, ordumuza diqqət həmişə yüksək səviyyədə olub:

“Eyni zamanda Silahlı Qüvvələrimiz üçün müasir silahların alınması ilə bağlı əlavə vəsaitə etiyac var idi. Maliyyə Nazirliyi bu məbləğin ayrılması ilə bağlı təkliflərini göndərib. Milli Məclisdə dövlət büdcəsi ilə bağlı layihə müzakirə edilərkən bu məsələyə baxılacaq. Sözsüz ki, sosial sahədə də artımlar olacaq. Ölkə başçısı parlamentin ilk iclasında çıxışında əməkhaqqlarının və pensiyaların artırılması ilə bağlı məlumat vermişdi. Eyni zamanda sosial müavinətlərin də artımı gözlənilir. Pensiyalarla bağlı artımlar daha çox inflyasiya ilə bağlı olur. Digər sahələrdə artımların olması da proqnozlaşdırılır”.