İlham Əliyevdən Azərbaycanı işıqsız qoyan partlayışla bağlı MÜHÜM ADDIM
    • 3-07-2018, 14:28
    • 3 216

İlham Əliyevdən Azərbaycanı işıqsız qoyan partlayışla bağlı MÜHÜM ADDIM

Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş vermişdir. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranmışdır.

Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:


1. “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:


Komissiyanın sədri


Azərbaycan Respublikası Baş nazirinin birinci müavini


Komissiya sədrinin müavini


Azərbaycan Respublikasının energetika naziri


Komissiyanın üzvləri


Azərbaycan Respublikasının daxili işlər naziri


Azərbaycan Respublikasının fövqəladə hallar naziri


Azərbaycan Respublikasının Baş prokuroru


Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti


“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri


Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı


Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru.


2. Dövlət Komissiyası:


2.1. hadisənin baş verməsi səbəblərini araşdırsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;
2.3. görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.
3. Azərbaycan Respublikasının Baş Prokurorluğu baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


//Publika.az