-
- 26-10-2024, 12:55
- 995
Azərbaycan üçün TƏHLÜKƏ! - Ekspertlər həyəcan təbili çalır
Hazırda dünyanın üzləşdiyi əsas problemlərdən biri də demoqrafiya göstəriciləri ilə bağlıdır. Son illər bir sıra ölkələrdə əhalinin artım tempinin aşağı düşdüyü müşahidə olunur. Məsələn, 2023-cü il ərzində ABŞ əhalisinin artım tempi 0,53 faiz təşkil edib ki, bu da dünya sürətinin demək olar ki, yarısıdır. 2020-ci illər ABŞ tarixində əhalinin artımı baxımından ən yavaş dövr ola bilər. Artım 10 il ərzində 4 faizdən azdır. Əvvəllər ABŞ-da əhalinin ən yavaş artımı 1930-cu illərin Böyük Depressiyasından sonra qeydə alınıb, o zaman artım tempi 7,3 faiz təşkil edib.
Eləcə də son dövrlər bir çox Şərqi Avropa və MDB dövlətlərində əhalinin artım tempi aşağı düşüb, əhali sayının azalması müşahidə olunur.
Azərbaycanda gəldikdə isə məlumdur ki, 2018-ci ildə ölkə əhalisinin sayı 10 milyonu ötüb. Hazırda isə bu göstərici 10 milyon 200 min nəfərdir. Doğrudur, son illər Azərbaycan əhalisinin sayında artım müşahidə olunsa da demoqrafik artım tempi ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Mütəxəssislər bunu son vaxtlar ölkədə boşanmaların sayının artması, nikahların və yeni doğulan körpələrin sayının azalması ilə əlaqələndirir. Belə ki, rəsmi statistikaya əsasən bu ilin ilk 8 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 30 min 788 nikah və 14 min 248 boşanma halı qeydə alınıb. əvvəlki ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 10 faiz (3 min 48 nikah), boşanmaların sayı isə 4,5 faiz (296 boşanma) azalıb.
Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb.
Rəqəmlərdən də göründüyü kimi, 1992-ci ildə boşanmaların sayı nikahların sayından 7,3 dəfə az olduğu halda, bu ilin ilk 8 ayında boşanmaların sayı nikahların sayından cəmi 2,1 dəfə az olub.
Bundan başqa 1992-ci ildə boşanmaların nikahlara olan nisbəti 13,8 faiz olubsa, bu ilin ilk 8 ayında bu nisbət 46,3 faizə yüksəlib.
Eləcə də bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 68 129 doğulan körpə qeydə alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10-a düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, Azərbaycanda təbii artım sürəti xeyli aşağı düşüb:
“Ölkəmizdə heç vaxt təbii artımda bu qədər ləngimə müşahidə olunmayıb. Məsələn, 2023-cü ildə Azərbaycanda təbii artım əvvəlki ilə nisbətən 15 faiz aşağı düşüb.
Statistikaya görə ölkəmizdə ahılların sayı son 22 il ərzində təqribən 99, 4 faiz artıb. Ümumi əhalinin sayı 26, 4 faiz artıb. Bu o deməkdir ki, ahıllar artıb, yeni doğulanlar azalıb. Ölkədə 65 yaşdan yuxarı əhali 11 faiz təşkil edir. Beynəlxalq meyara görə, ölkə əhalisi içərisində ahılların sayı əgər 7-8 faizi keçirsə, bu, artıq qocalmış əhali sayılır. Azərbaycan artıq Avropa ölkələrinin çəkdiyi o əziyyətin astanasındadır".
Sosioloq qeyd edir ki, ölkədə təbii artım dinamikasının aşağı düşməsinin müxtəlif səbəbləri var:
“Birincisi odur ki, ümumiyyətlə bütün dünyada insanlar eqoist həyata üstünlük verməyə başlayıb. Yəni, indi insanlar ailə, uşaq qayğıları ilə yaşamaq istəmir, ailə planlaşıdrmasında eqosit qərar verirlər. Doğrudur, hələ ki, Azərbaycan üçün bu xarakterik deyil, amma unutmaq olmaz ki, ölkəmiz də qlobal dünyanın bir parçasıdır və istər-istəməz dünyada baş verənlər bizə də gəlib çıxır.
SSRİ-yə qədər, həm də o dönəmdə Azərbaycan çoxuşaqlı ailələrin olması ilə seçilib. SSRİ dağılandan sonra hər şey tamamilə dəyişdi. Sərhədlər açıldı, insanlar xarici ölkələrə üz tutdular, seriallar, xarici xəbərlər əlçatan oldu, Avropanın həyat tərzi ilə tanış olmağa başladılar və insanlarımız anladılar ki, daha komfort həyat sürmək mümkündür.
Son illər müşahidə olunur ki, Azərbaycan ailələrində də artıq insanlar 1 və ya 2, maksimum 3 uşağa sahib olmağa üstünlük verirlər. Bunun da əsas səbəbi odur ki, Sovet dövründə müharibə itkilərinin yerinin bərpa etmək üçün çoxuşaqlı ailə təşviq olunurdu, “qəhrəman ana” statusu müəyyənləşmişdi, demoqrafik siyasəti təşviq edən tədbirlər həyata keçirilirdi. O cümlədən el arasında “uşaqpulu” adlanan sosial müavinət verilirdi, ailələr bu sosial müavinətə görə daha çox uşağa sahib olmağa maraqlı idilər. Lakin hazırda “uşaqpulu” deyilən sosial müavinət yoxdur, üstəlik Qərb ailə tərzinə maraq artmağa başlayıb, nəticədə ailə planlaşdırmasında insanlar 1 və ya 2, maksimum 3 uşağa sahib olmağa çalışırlar.
Bundan başqa, Azərbaycanda evlənmə yaşı evlənmə yaşı çoxalıb. Əvvəllər gənclər 18-20 yaşda evlənirdilər, indiki vaxtda isə onlar öncə təhsil alıb işi, evi olduqdan sonra, evlənmək qərarına gəlirlər. Bu səbəbdən oğlanlar daha çox 30-35, qızlar 24-25 yaşında ailə həyatı qururlar ki, bu da reproduktiv sağlamlıq baxımından müəyyən problemlərə səbəb olur, təbii artıma öz mənfi təsirini göstərir.
Həmçinin, boşanmaların sayı pik həddə çatdığı üçün gənclər nikahdan qorxur. Bununla yanaşı, evliliyə maraq da azalıb. Məsələn, Asiya ölkələri özəlliklə Çin və Yaponiyada gənclər arasında subaylıq sindromu yayılıb. Belə ki, gənclər daha çox sosial şəbəkədə olduqları üçün real həyatda ünsiyyətdən qaçırlar. Bizdə də həmin tendensiya müşahidə edilir. Təəssüf ki, boşananların sayı da getdikcə artır və bu amil də təbii artıma ciddi təsir göstərir.
Qərb ölkələrində təbii artımın aşağı düşməsi problemlər yaratdığı kimi Azərbaycanda da problemlərə gətirib çıxaracaq. Belə ki, əmək bazarında problem yarana bilər. Əmək bazarındakı boşluğu isə miqrantlarla təmin etməyə çalışarlar ki, bu da mexaniki artımı təşviq edə bilər.
Həmçinin səfərbərlik məsələsində problemlər yarana bilər.
Bu baxımdan hesab edirəm ki, ailə dayanqlığını möhkəmləndirmək naminə tədbirlər görülməli, klassik ailə dəyərləri saxlanılmalı, boşanmalara səbəb olan problemlər həll edilməli, gənc ailələrə dəstək proqramları genişləndirilməlidir".