-
- 5-11-2024, 20:44
- 392
Evlənmək adı ilə qadınlardan 70 min manat pul aldı
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Misir Kərimovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
News24.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Misir Kərimov dostu zərərçəkmiş Malik Əsədovun (şərti) adına kreditə mobil telefon götürərək özü istifadə edib bir ay ərzində krediti tam şəkildə ödəyəcəyini, əks halda telefonu ona qaytaracağı barədə yalan vəd verib.
O, dostunun adına 6 ay krediti ödəmək şərti ilə 3805 manat dəyərində "iPhone 13 Pro Max" markalı mobil telefonu alaraq verdiyi vədə əməl etməyib. Sonra Misir telefonu Malikdən xəbərsiz başqa mağazaya satıb.
Bundan başqa, Misir Kərimov zərərçəkmiş İlahə Səfərova (şərti) ilə ailə həyatı quracağına dair yalan vəd verib, onu inandırmaqla özünü hüquq-mühafizə orqanlarında işləyən şəxs kimi təqdim edib. O, xidməti işində yaranmış problemlərin aradan qaldırılması üçün pul və yaxud digər əmlak verməsini qadından xahiş edib, qısa zamanda qaytaracağına söz verərək aldadıb. Misir bu adla qadından 2022-ci illərdə Nərimanov rayonu ərazilərində ümumilikdə 16 539 manat pulu alıb.
Bundan başqa, Misir Kərimov digər qadın, zərərçəkmiş Gözəl Hacıyevanı (şərti) da aldadıb. Belə ki, o, zərərçəkmişə ailə həyatı quracağına inandırıb və özünü uğurlu iş adamı kimi təqdim etməklə avtomobillərin alınaraq icarəyə verilməsi sahəsində birgə iş qurmalarına dair yalan vəd verib. Misir bu adla Gözəldən 2022-ci illərdə Nizami rayonu ərazilərində ümumilikdə 53 600 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə Misirin cəzasını 6 ilə endirib. (pravda.az)