Gəncədə limonad istehsalı müəssisəsinin fəaliyyəti DAYANDIRILIB
    • 5-11-2024, 14:39
    • 153

Gəncədə limonad istehsalı müəssisəsinin fəaliyyəti DAYANDIRILIB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncədə fəaliyyət göstərən limonad istehsalı müəssisəsində plandankənar yoxlama keçiriblər.

News24.az  xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı istehsalat müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Belə ki, müəssisədə anbar sahəsinin təşkil edilmədiyi, şüşə butulkaların müşayiətedici sənədlərinin olmadığı, müəssisəyə geri qaytarılmış məhsullar üçün xüsusi sahənin ayrılmadığı, yuma sahəsinin təmirsiz olduğu, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib.