Nəzakət Məmmədova rus kəşfiyyatına necə işləyib? - Detallar
    • 6-11-2024, 04:28
    • 358

Nəzakət Məmmədova rus kəşfiyyatına necə işləyib? - Detallar


Siyasi şərhçi kimi tanınan Nəzakət Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dövlətə xəyanət ittihamından 13 il azadlıqdan məhrumetmə cəzası alıb. Məhkəmə prosesi bu günlərdə başa çatıb və hökm oxunub.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, 46 yaşlı Nəzakət Məmmədova Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilinir.

İttihamda qeyd olunur ki, o, “siyasi şərhçi” və “jurnalist” adı altında gizli fəaliyyət göstərərək tapşırıqlar alıb. Məmmədova həmçinin “Alfa TV” adlı Yutub kanalının rəhbəri idi və bu kanalda açıq şəkildə rusiyapərəst materiallar yayımlanırdı. İttihamda bu kanalın yaradılması, müsahibələrin təşkili və digər materialların yayımı onun fəaliyyətinin bir hissəsi olaraq göstərilir.

Cinayət işinin sənədlərində iddia edilir ki, N.Məmmədova Moskvaya tez-tez səfərlər edib, gizli görüşlərdə iştirak edib və bu fəaliyyətlərin müqabilində ona pullar göndərilib. Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil, başqalarının adına həyata keçirilib və bankdan çıxarılıb. O, digər şəxsləri də Rusiyanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqələndirməyə çalışmaqda ittiham olunur.

Lakin Nəzakət Məmmədova bu ittihamları rədd edir. Özünü günahsız hesab edən Məmmədova bildirib ki, Moskvaya əsasən konfranslar və çıxışlar üçün gedib. Onun sözlərinə görə, aldığı pullar yalnız bu fəaliyyətlər üçün ödənilən qonorarlar və ezamiyyət xərclərindən ibarət olub. “Əgər gizli şəkildə pul almaq niyyətim olsaydı, həmin pulları nağd şəkildə gətirərdim. Keçmiş həyat yoldaşımın gəlirlərimdən xəbərdar olmasını istəmirdim, buna görə pulları başqalarının adına çıxarırdım”, – deyə Məmmədova ifadə verib.

Xatırladaq ki, Nəzakət Məmmədova 2023-cü ilin oktyabrında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.