Səbinə Əliyeva Liu Xuexinlə görüşdü
    • 6-11-2024, 00:32
    • 305

Səbinə Əliyeva Liu Xuexinlə görüşdü


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Liu Xuexinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə News24.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Müvəkkil Azərbaycan ilə Çin arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf etdirildiyini, hər iki ölkə tərəfindən bir sıra mühüm əhəmiyyət kəsb edən birgə layihələrin həyata keçirildiyini bildirib.

Müvəkkil yaxın günlərdə ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini qeyd edib, bu müddət ərzində Ombudsman təsisatı tərəfindən panel müzakirələrin təşkilinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Liu Xuexin öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. Cari il iki ölkənin dövlət başçılarının görüşünün keçirildiyini, ölkələr arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul olunduğunu məmnunluqla xatırladıb. O, Azərbaycan və Çinin milli insan hüquqları təsisatları arasındakı münasibətlərin də genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.