Riad Rəfiyev jurnalistlərdən niyə şikayət edib? – DETALLAR
    • 7-11-2024, 12:33
    • 98

Riad Rəfiyev jurnalistlərdən niyə şikayət edib? – DETALLAR

“Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev hüquq-mühafizə orqanlarına jurnalist İxtiyar Əsgərov və Anar Şabanoğludan şikayət edib.

News24.az Sumqayit24.az-a istinadla xəbər verir ki, bu barədə jurnalistlər sosial şəbəkədə paylaşım ediblər.

Bildirilib ki, Riad Rəfiyevin prokurorluğa şikayət etməsinə səbəb jurnalistlərin onu tənqid etməsi olub. Belə ki, jurnalist İxtiyar Əsgərov Riad Rəfiyevi işlərinə görə “yarıtmaz” adlandırıb.

Məsələ ilə bağlı Sumqayit.24.az–ın əməkdaşı barəsində prokurorluğa şikayət edilən idman jurnalisti Anar Şabanoğlu ilə əlaqə saxlayıb. O, saytımıza bildirib ki, Riad Rəfiyev tənqidlə təhqiri ayırd edə bilmir:

“Riad Rəfiyev deyib ki, guya biz yazılarımızla onun şərəf və ləyaqətini təhqir etmişik. Amma yazıların heç birində təhqir olmayıb, tənqid olub. Sadəcə Riad Rəfiyev öz şəxsi əlaqələrindən istifadə edərək, bizə təzyiq göstərmək istəyir. Elə adamlar var ki, təmizdirlər, tənqidə layiq deyillər. Amma hamı onun necə adam olduğunu, necə varlandığını bilir”.

Jurnalist qeyd edib ki, Riad Rəfiyevin xoşuna gəlməyən sözlər gülməlidir:

“Sonuncu bir yazıda başlıq “Riad Rəfiyev həbs ediləcək?” kimi idi. Burada iddia yoxdur, təhqir yoxdur. Nə xoşuna gəlməyib, anlamıram. Hələ söz-söhbət var ki, İlqar Qurbanovun vaxtında belə Riad Rəfiyev işçilərin kartına külli miqdarda pul göndərib, yeyinti edib. İlqar müəllimlə uşaqlıqdan dost olublar. Amma belə məsələlərə görə İlqar Qurbanovla da Riad Rəfiyevin arası dəyib. Bu məsələlər barədə kluba sorğu ünvanladım, nə dedilərsə, onu da verdim. Riad Rəfiyevə görə biz onu ancaq tərifəməliyik. Tənqid etməli deyilik. Tənqidə açıq biri deyil.

Şikayətlə bağlı isə bizi prokurorluğa çağırdılar. Şikayətlə tanış etdilər. Bundan sonra, nə olsa deyəcəklər”.

Məsələ ilə bağlı Sumqayit24.az tərəfindən “Sumqayıt” FK-ya sorğu ünvanlanıb.