Hakan Fidandan İrəvanı məyus edən mövqe
    • 8-11-2024, 09:04
    • 338

Hakan Fidandan İrəvanı məyus edən mövqe

Son vaxtlar İrəvanla Ankara arasında ikitərəfli əlaqələr nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, son iki ildə iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç 5 dəfə görüşüb, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Türkiyəyə gedib. Baş nazir Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla şəxsən telefonla danışıb, sonuncu dəfə sentyabrın sonunda ABŞ-da görüşüblər. Ermənistan hökumətinin başçısı münasibətlərə yeni təkan vermək istədiyini açıqlayıb, Türkiyə prezidenti isə Paşinyana kitabını hədiyyə edib. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bugünlərdə bildirib ki, hökumət artıq “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasını prioritet hesab etmir. Onun sözlərinə görə, bu qərar Ankara ilə münasibətləri yaxşılaşdırmağa və regional təcriddən çıxmağa kömək edəcək. Əslində isə onlar bu cür variantlara baş vurmaqla Azərbaycan-Türkiyə münasibətlərində problemlər yaratmağı da hədəfləyirdilər. 

İndiki hakimiyyət Ermənistanın Avropaya inteqrasiyası üçün ilkin olaraq Türkiyə ilə sərhədlərin açılmalı olduğunu da yaxşı başa düşür. Yəni çox yaxşı anlayıblar ki, İrəvan bir çox məsələdə Türkiyəyə möhtacdır.  

“Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq”.

Bu sözləri Türkiyənin XİN rəhbəri Hakan Fidan “Türkiyə” qəzetinə açıqlamasında bildirib.

“Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq. Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir”, - deyə H.Fidan bildirib. Onun sözlərinə görə, Türkiyə razılaşmaların əldə edilməsinə dəstək verir: “Tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədlərin delimitasiyası ilə bağlı son qərarlar bu irəliləyişin bariz nümunəsidir”.  

Göründüyü kimi, Türkiyənin sərhədlə və diplomatik münasibətlərlə bağlı şərtində dəyişən heç nə yoxdur. Xarici işlər naziri hətta İrəvanın yalançı soyqırımı iddialarını arxa plana keçirdikləri ilə bağlı Mirzoyanın bəyanatına toxunmayıb.

Hakan Fidanın açıqlaması Ermənistana “Azərbaycanla münasibətləriniz düzəlməsə, Türkiyənin sizə əl uzatmasından əlinizi üzün” mesajıdırmı?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan və onun arxasında duran qüvvələr hər zaman Ermənistan-Türkiyə münasibətlərini Azərbaycan-Ermənistan münasibətlərindən ayırmağa çalışıblar: “Azərbaycanla sülh müqaviləsi bağlanmadan Türkiyə ilə münasibətlərin normallaşmasının mümkün olmadığını İrəvan əslində bildiyi halda çalışır ki, yenə də Sürix protokolları dövründəki kimi vəziyyət yaratsınlar. Qardaş ölkənin xarici işlər naziri Hakan Fidanın açıqlaması bu məsələlərlə bağlı Ermənistanın spekulyalarına son qoydu deyə bilərik. Ermənistan da nəzərə almalıdır ki, Azərbaycanla Türkiyə qardaş ölkə olmaqla bərabər, həm də rəsmi müttəfiq dövlətlərdir. Məhz Şuşa Bəyannaməsinə görə bu tipli məsələlərdə hər iki ölkə fəaliyyətlərini koordinasiya etməlidir və edir. Ona görə də Azərbaycan hazırda Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar barədə dolayısı ilə əslində məlumatlıdır. O baxımdan Hakan Fidanın verdiyi son açıqlama Ermənistana verilən açıq mesajdır. İrəvana deyilir ki, siyasi iradə göstərib Azərbaycanla sülh müqaviləsi imzalasın. Əks halda, təbii ki, Ermənistan yenə də regionda dalan ölkə olaraq qalmaqda davam edəcək”. 

Politoloq Yusif Bağırzadə isə bildirdi ki, Türkiyə rəsmiləri tərəfindən bu səpkili mesajlar ilk dəfə deyil verilir. Elə Türkiyənin XİN rəhbəri Hakan Fidan özü də eyni mövqeni dəfələrlə təkrar edib: “Xatırlayırsınızsa, bundan əvvəl iyulun 30-da Türkiyənin normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla ermənistanlı həmkarı Ruben Rubenyan arasında sərhəddə keçirilən sayca beşinci görüşdən sonra da Hakan Fidan oxşar bəyanatla çıxış etmiş və Ermənistanla sərhədlərin Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən sonra açılacağını bəyan etmişdi. 

Məlumdur ki, indiyə qədər tərəflər arasında bir sıra məsələlərlə bağlı razılaşmalar əldə olunub. Üçüncü ölkə vətəndaşları üçün yolların açılması, diplomatik və rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının asanlaşdırılması barədə razılaşmalar var. Ən önəmlisi də tərəflər normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Biz bilirik ki, rəsmi Ankara Ermənistanla quru sərhəd qapılarını Kəlbəcərin işğalından sonra - 1993-cü il aprelin 3-də bağlayıb, rəsmi Ankaranın mövqeyində hər hansı bir dəyişiklik olmayıb. İndi də Hakan Fidanın və ümumilikdə Türkiyə rəsmilərinin bu istiqamətdə açıqlamaları onu göstərir ki, Türkiyə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər İrəvanla münasibətlərin normallaşmasına isti baxmır. Verilən mesajlar isə təkcə Ermənistana ünvanlanmayıb, bu həm də Ermənistanla sərhədin açılması ilə bağlı təzyiqlər edən Qərbə də ünvanlanmış mesajdır. Bununla rəsmi Ankara hər kəsə aydın şəkildə başa salır ki, Azərbaycanla sülh sazişi imzalanmayana qədər Türkiyə öz mövqeyində qalacaq və Ermənistan da dalan dövlət olmaqdan qurtula bilməyəcək".

\\“Yeni Müsavat”