Qarabağ qazisi döyüşlərdən danışdı:
    • 8-11-2024, 12:03
    • 299

Qarabağ qazisi döyüşlərdən danışdı: "Bircə onu deyə bilərəm ki..."

44 günlük Vətən Müharibəsində dövlətimizin qazandığı tarixi zəfər Azərbaycanın şah əsəridir. Bu gün, 8 noyabrda ölkəmizdə Zəfər Günü qeyd olunur. Bu münasibətlə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa, Hadrut, Laçında döyüşmüş qazi Ramil Qurbanov News24.az-a müsahibə verib. 

Müsahibəni təqdim edirik:

- Ramil, döyüşlərə necə qatıldın? 

- 27 sentyabr idi, səhər saatları idi, o vaxt qida şirkətində işləyirdim, səhər gəlib maşını götürdüm ki, mağazalara malları paylayım. İşimin bir hissəsini tamamlayıb, işə qayıtdım ki, yenidən işə çıxım. Bu zaman dedilər ki, maşınlardan dördü Ağcabədiyə getməlidir, 4 sürücü lazımdır, maşını orda qoyub. Sürücülər maşını orda təhvil verib, geri qayıtmalı idilər. Bu zaman irəli atıldım ki, o maşınlardan birini mən aparım Ağcabədiyə.

Bunun da səbəbi var idi ki, illərdir bu anı gözləyirdim, müharibədə iştirak edim, torpaqlarımızı düşmən tapdağından azad edərək, qalib döyüşçülərdən biri olum. Şirkətin rəhbərliyi ilə danışdım, maşınlardan birini Ağcabədiyə mən apardım. Daha sonra hərbi hissəyə gəldim, orada olan kapitana yaxınlaşıb, dedim ki, döyüşlərdə iştirak etmək istəyirəm. Kapitan mənə dedi ki, Ramil, burda ölüm var, yaralanmaq var, əllil olmaq var... Ümumi ağır mənzərəni mənə izah etdi. Mən də təbii ki, qalib olmağı düşündüm, döyüşmək üçün, qalib olmaq üçün alışıb-yanırdım. Kapitana razı olduğumu və döyüşmək istədiyimi bildirdim. Daha sonra hərbi hissədə ərizə yazdım, ərizə aidiyyəti yerlərə göndərildi. Bütün bunlar hazır olandan sonra döyüşlərə qatıldım. Həqiqətən sevinə-sevinə qatıldım döyüşlərə, çox xoşbəxt idim.

- Sevinc hissi ilə yanaşı, hansı fikirlər ağlından keçirdi?

-Təbii ki, sevinclə yanaşı, həyəcan var idi, o həyəcan məsuliyyətdən irəli gəlirdi. Məqsəd torpaqları işğaldan azad etmək, qalib ölkənin nümayəndəsi olmaq bizim üçün əsas şərt idi. Biz həmişə haqlı olmuşuq, haqq savaşında qalib olmaqdan gözəl nə var ki?

- Döyüşlər çətin keçdi?

-Müharibədə asan heç nə olmur, lakin bir məqamı qeyd edim. Mən heç vaxt həmin torpaqlarda olmamışdım, ancaq o qədər doğma, o qədər hərarətli gəlirdi ki, sanki Qarabağın yolları, cığırları, bizi qələbəyə istiqamətləndirirdi. Mən əslən Lənkəran rayonundanam, Azərbaycan bütün hər yeri bizə doğmadır. Bu doğmalığı Qarabağ torpaqlarımızda da duydum. Özüm-özümə deyirdim ki, 30 ildir azərbaycanlılar bu cür gözəl torpaqlardan ayrı düşüb. Hökmən qalib gəlib, bu torpaqların əbədi sakinlərini geri qaytarmaq lazımdır.

- Döyüşçülər aralarında biri-birinə necə motivasiya verirdilər?

- İnanın ki, motivasiyaya ehtiyac yox idi. Aslan necə sinəsini irəli verib, düşməninin üstünə gedirsə, biz də elə gedirik. Döyüş başlayandan bütün əsgərlər qalib olacaqlarına əmin idilər. Düzdür, şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin, hər biri dəyərli döyüşçü, dəyərli oğullar idi, ancaq şəhidlik zirvəsinə ucalmaqla tarixi qızıl hərflərlə yazdılar. Eyni sözlər qazilərimizə də aiddir. Həqiqətən çox möhtəşəm döyüşlər keçdi. Fəxr edirəm ki, mən də qalib ordunun bir parçası oldum.

- Hansı ərazilərdə gedən döyüşlər xatirəndə xüsusi yer tutur? 

-Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa, Hadrut, Laçın. Yəni, harda döyüşmüşəm, hər biri yadda qalıb. Elə bir şey ola bilərmi ki, hansınısa yaddan çıxarım? Əvvəldən sona qədər qalib ola-ola irəliləmişik.

- Şəxsi şücaətin, heç vaxt yadından çıxmayacaq anların barədə danışa bilərsən?

- Şücaətim barədə danışmağım doğru çıxmaz. Bu haqda gərək komandirlərim, döyüş yoldaşlarım danışalar, qiymət verələr. Amma bircə onu deyə bilərəm ki, yan-yörəmdəki heç bir yaralını köməksiz qoymadım. Təminat bölüyündə oldum, daha sonra təxliyə bölüyündə oldum. Maksimum çalışdım ki, əlimdən gələnin ən yaxşısını edim. 

- Hans medallarla təltif olundun?

-Cənab Ali Baş Komandan tərəfindən Füzuli, Xocavənd, Cəbrayıl və Laçının azad olumasına medalları ilə təltif edildim.

- Zəfər Günüdür. Səhəri necə açdın? 

- Qalib ölkənin döyüşçüsü kimi (gülür).  Şahidlər Xiyabanına gedib şəhidlərimizi ziyarət etdim, keçdiyimiz o keşməkeşli günlər yada düşdü. Bütün olanlar, çətinliklər, 30 il doğma torpaqlardan ayrı yaşamağı sonda bir ifadə əvəz edir: Azərbaycan haqq savaşında qalib gəldi!

Ağa