-
- 11-11-2024, 10:26
- 121
Məsuliyyətli qərarlar qəbul etməyin vaxtı çatıb
Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ədaləti təmin etmək və iqlim dəyişikliyinin qarşısını almaq üçün qlobal iqlim konfranslarında iştirak edirlər.
News24.az xəbər verir ki, bunu “La Ruta del Clima” qeyri-hökumət təşkilatının direktoru Adrian Martinez Blanka bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim problemləri, zərərin ödənilməsi və insan hüquqları mövzusunda keçirilən mətbuat konfransında bildirib.
O, təqsirkarların məsuliyyətə cəlb olunacağına ümidvar olduğunu deyib: "Onlar götürdükləri öhdəliklərə və təxirəsalınmaz tədbirlərin qəbul edilməsinin vacibliyinə baxmayaraq, qalıq yanacaqdan istifadəyə görə mənfəət əldə etmək üçün problemlərin həllini təxirə salmağa çalışırlar. Lakin biz burada insanların maraqlarını və təbiəti qorumaq üçün buradayıq", - deyə o qeyd edib.
Təşkilatın rəhbəri, həmçinin deyib ki, dəyişikliklər və məsuliyyətli qərarlar qəbul etməyin vaxt gəlib çatıb. "İnsanlara artıq sözlər lazım deyil. Onların hüquqları pozulub, insanlara konkret və vaxtında verilən qərarlar lazımdır. Biz bunu dəyişməliyik. Məsuliyyət, ədalət və iqlim dəyişikliyi ilə mübarizənin vaxtı yetişib", - o əlavə edib.