Arı südünün cana faydası
    • Bu gün, 12:10
    • 88

Arı südünün cana faydası

Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından xeyirlidir. Həm də elə bir fəaliyyət sahəsidir ki, daim qayğı tələb edir. Təsərrüfatın yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, iş şəraiti ekoloji-sağlamlıq cəhətdən əlverişlidir.

News24.az xəbər verir ki, gəlirli və müalicəvi cəhətdən xeyirli arıçılıq məhsullarından biri də arı südüdür. Arı südü 5-10 günlük körpə işçi arıların udlaq və üst çənə vəzlərində hazırlanır, sürfələrin, həmçinin yumurtalama dövründə ana arının yemlənməsinə sərf olunur. Arı südü istehsalı və ana arı yetişdirilməsi iki eyni üsulla - təbii və süni üsküklər qoyulmaqla aparılır. Əgər süd alınsa gözdə olan sürfə çıxarılıb məhv edilir, inkişafın sonuna qədər gözləniləndə isə sürfədən pup və nəhayət yetkin ana arı əmələ gəlir.

Arı südünün dəyəri olduqca yüksəkdir. Saf arı südü xarici görünüşcə sarımtıl-ağ rəngli, spesifik iyli, turşaşirin, zəif acıtəhər dada malik, xamayabənzərdir. Şan gözcüklərində sürfə əmələ gəldikdən 48-72 saat sonra arı südü götürülür. Südün gözdən rahat çıxarılması üçün ana arı üsgüyü kəsilir və tez bir zamanda süd xüsusi qaşıqla çıxarılaraq şüşə qablara yığılır. Hər gözdən çıxarılan südün miqdarı 50-300 milliqram arasında olur. Arı südü mütləq soyuducunun buzxanasında saxlanmalıdır.

Arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır. Arı südünün səhərlər ac qarına, səhər yeməyindən yarım saat əvvəl taxta qaşıqla dil altına qoyulması tövsiyə olunur. Yetkin bir insana günlük norma 500 milliqramdır (yarım qram), yaxud hər kiloqram çəkiyə 3 milliqram olaraq da hesablana bilər. Arı südünün bir günlük miqdarı hissələrlə yeməkdən əvvəl qəbul edilə bilər.

Profilaktika məqsədilə və orqanizmin müqavimətinin möhkəmləndirilməsi üçün bir doza 2-3 dəfə (cəmi 0,5 qram) məsləhət görülür. Südün tam sorulana qədər ağızda qalması məsləhətdir. Daha böyük dozalar üçün həkimlə məsləhətləşmək lazımdır. Hər yüz qram bala 2 qram süd nisbətində qarışdırıb qəbul etmək də olar. Balla qarışdırılmış südün günlük profilaktik dozası 20-25 qramdır. Uşaqlar üçün isə göstərilən dozanı 2-3 dəfə azaltmaq lazımdır.

Müsbət təsiri: Antivirus (qrip və stomatit viruslarına təsir edir), güclü biostimullaşdırıcıdır, qan­yaratmanı yaxşılaşdırır, qanda hemoqlobini, eritrositləri artırır, leykositlərin miqdarını azaldır. Daxili sekresiya vəzilərinin funksiyasını bərpa edir, insulin yaran­masını stimullaşdırır, qanda, beyin və qaraciyər toxumalarında xolestrinin miqdarını azaldır və fosfolipidlərin miqdarını artırır. Həzm və qan dövranı orqanlarının işini yaxşılaşdırır, arterial qan təzyiqini normalaşdırır, maddələr mü­badiləsini stimullaşdırır və həyat tonusunu qaldırır. Endokrin və cinsiyyət vəzilərinin funksiyasını stimullaşdırır, immun sistemini gücləndirir.

Arı südü yaşlı adamların həyat tonusunun nizamlanması, xroniki qastritin, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin müalicəsi, görmənin yaxşılaşması üçün də əvəzsizdir. Həmçinin, bağırsaq pozulmalarına müsbət təsir gös­tərir, əsəb sistemini sakitləşdirir, maddələr mübadiləsinin pozulmasının qarşısını alır, arterial qan təzyiqini sabitləşdirir. Mərkəzi sinir sisteminin funksional pozğunluqlarına müsbət təsir gös­tərir, sidik və öd yollarının xroniki xəstəliklərinin müalicəsində işlədilir. Ürək və qan-damar sistemi xəstəlikləri olan anemiyaya, ürək ritminin pozulmasına, stenokardiya və ateroskleroza, ürəyin işemik xəstəliyinə də müsbət təsir edir, saç tökülməsi problemlərinin qarşısını alır.

Göründüyü kimi, “min dərdin min bir dərmanı” funksiyasını yerinə yetirən arı südü insan orqanizminin sağlamlığı və müxtəlif xəstəliklərin müalicəsi üçün çox xeyirli təbii vasitədir. Ona görə də arıçılara məsləhət görərdik ki, hamı üçün lazımlı və xeyirli olan arı südünün istehsalına daha çox fikir versinlər.