Sabunçunun 5 qəsəbəsində  içməli su xətləri yenilənir - ŞAD XƏBƏR
    • 1-07-2019, 15:28
    • 906

Sabunçunun 5 qəsəbəsində içməli su xətləri yenilənir - ŞAD XƏBƏR

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq, Sabunçu rayonunun 5 qəsəbəsində içməli su layihələri həyata  keçirilir.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrinin  içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Hazırda yaşayış məntəqələrində yeni içməli su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri davam etdirilir. 

Sabunçu rayonunda icra olunan layihələr Maştağa, Zabrat, Pirşağı, Nardaran və Bilgəh qəsəbələlərini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Ötən müddətdə Pirşağı, Nardaran və Bilgəh qəsəbələrinin içməli su qıtlığının daha çox müşahidə olunduğu ərazilərində yeni mərkəzləşdirilmiş su şəbəkələri yaradılıb. Hazırda  Maştağa və Zabrat qəsəbələrində yeni şəbəkələrin tikintisi   davam etdirilir. 

Bu qəsəbələrdə müxtəlif diametrli borularla 11 km paylayıcı su xətlərinin inşası nəzərdə tutulub. Yeni tikilən şəbəkələrdən evlərə birləşmə verilərək sayğaclar quraşdırılır. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda  başa çatdırılması nəzərdə tutulur. Yeni su xətləri istismara verildikdən sonra əhalidayanıqlı və keyfiyyətli  içməli su ilə təmin olunacaq. İlkin mərhələdən bu layihələrdən 5 minədək sakin faydalanacaq. Növbəti mərhələdə Sabunçu rayonunun içməli sudan əziyyət digər yaşayış massivlərində də su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri həyata keçiriləcək.

Qeyd edək ki, layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində içməli su təchizatı əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılıb. Bəzi ərazilərdə isə ümumiyyətlə su xətləri olmayıb, əhali içməli suya olan tələbatını quyu suları və maşınla uzaq məsafələrdən daşıyaraq ödəyib.