-
- 14-11-2024, 14:44
- 459
Sülh müqaviləsində razılıq yaxındadır - Qarşılıqlı formula axtarılır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib ki, İrəvan və Bakı sülh sazişi layihəsini konstruktiv atmosferdə müzakirə edir və onun tam razılığına çox yaxındır. “Daha bir və ya iki formula var, onların üzərində iş daha intensiv, daha konstruktiv bir atmosferdə davam edir, mən ehtiyatlı nikbinliyi ifadə etmək istərdim ki, biz həqiqətən də mətn üzrə yekun razılığa çox yaxınıq", - Mirzoyan bildirib.
Bəs bu, Ermənistan XİN rəhbərinin dedikləri rəsmi İrəvanın Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı şərtlərinə razılaşdığını göstərirmi? Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yaxın zamanlarda imzalana bilərmi?
Mövzu ilə bağlı News24.az-a danışan politoloq Natiq Miri deyib ki, Azərbaycanın sülh müqaviləsini imzalamaq üçün ərazi iddiası ilə bağlı konstitusiyada dəyişiklik məsələsi Ermənistanın gündəmində deyil.
O qeyd edib ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamasında açıq şəkildə bildirib:
"Eyni zamanda, sülh müqaviləsində də konstitusiyada ərazi iddiasının dəyişdirilməsi məsələsi bir müddəa olaraq mövcud deyil və ola da bilməz. Çünki sülh müqaviləsi belə şeyləri özündə ehtiva etmir, ancaq qarşılıqlı olaraq ərazi iddiasından tamamilə imtina etmək kimi bir prinsip var. Bu prinsipin içi doldurularkən müəyyən formula tətbiq olunur və bu formula da hüquqi cəhətdən Azərbaycana birmənalı olaraq ərazi iddiasından imtina ilə bağlı təminat verməlidir".
Politoloq vurğulayıb ki, Azərbaycanda bunun yolunun yalnız konstitusiyadakı ərazi iddiası müddəalarının aradan qaldırılmasında görür və bunu bəyan edir.
"Sonuncu dəfə Azərbaycan sülh müqaviləsinin mətni ilə bağlı 11-ci təkliflər paketini Ermənistana göndərib və Ermənistan da artıq buna cavab göndərdiyini bəyan edib. Burada əksər müddəalar, prinsiplər artıq razılaşdırılıb. Bu prinsiplərin içərisində bəzi məqamlar var ki, onlar üçün qarşılıqlı formula axtarılır. Yəni, söhbət mətnin hansı formada sülh müqaviləsində yer almasından gedir ki, hər iki tərəf qane olsun", - deyə o vurğulayıb.
N.Mirinin sözlərinə görə, bu faktın özü də göstərir ki, sülh müqaviləsinin mətninin tam olaraq hazırlanmasına çox yaxındır.
Politoloq onu da qeyd edib ki, əgər konkret anlaşmalar olarsa, həm bütün kommunikasiyaların açılması məsələsi razılaşdırıla, sərhədlərin müəyyənləşməsi məsələsi tezləşdirilə və sülh müqaviləsi imzalana bilər.
"Yetər ki, Ermənistan rəhbərliyi fikirlərində təkcə sözdə deyil, əməli olaraq səmimi olsun. Bütün bunları nəzərə alsaq, üfüqdə tezliklə sülh mətninin razılaşdırılması ehtimalı görünür. Bu da deməkdir ki, iki dövlət razılaşarsa, hər hansı üçüncü bir dövlətin məkanında olmadan belə, bu sənədi imzalamaq olar. Sülhün yaxın olduğu hiss olunur yetər ki, Ermənistan səmimi olsun", - deyə o, fikirlərini yekunlaşdırıb.
Günel Məlikzadə
News24.az