-
- 1-07-2019, 18:17
- 915
Milli Preventiv Qrup tərəfindən cəzaçəkmə müəssisələrinə başçəkmələr DAVAM ETDİRİLİR
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili araşdırılır.
Ombudsman Aparatının mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə MPQ-nin üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində həyata keçirilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə tibbi yardım məsələləri üzrə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin müalicə korpuslarına, o cümlədən cərrahiyyə və ruhi xəstəliklər şöbələrinə və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ-nin üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qəbul olunmuş, müalicə və ailə üzvləri ilə görüşlə bağlı müraciətləri yerində araşdırılaraq təmin edilmiş, habelə bəzi şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.
Müalicə müəssisəsində tibbi yardımın keyfiyyətinin, ümumilikdə isə penitensiar müəssisələrdə psixiatriya yardımın, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi işinin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ehtiyac vardır.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, tibbi xidmətin təşkili ilə bağlı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və saxlanma şəraitinin daha da təkmilləşdirilməsinə dair müvafiq tövsiyələr verilmişdir.