Ada dövlətdə istirahət etmək istəyənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
    • Dünən, 22:46
    • 116

Ada dövlətdə istirahət etmək istəyənlərə ŞAD XƏBƏR - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Maldivin dövlət başçısı Məhəmməd Muizzu ilə görüşüb. Görüşdə Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvar olduğunu ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb. Maraqlıdır, Maldivə – ada dövlətə səfər edəcək Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edilməsi, həmçinin perspektivdə rəsmi Bakının analoji qərar qəbul edə bilməsi turizm əlaqələrinə necə təsir edəcək?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, viza rejiminin sadələşdirilməsi, yaxud aradan qaldırılması turizm axınını aktivləşdirən səbəblərdən biridir.

Onun sözlərinə görə, Maldivdən də Azərbaycana, eyni zamanda da son dövrlər buradan oraya gedənlərin sayı artmaqdadır: “Artıq Maldivə birbaşa reys də açılıb. Maldivin paytaxtına birbaşa uçuşlar təşkil olunur. Turistlər o yerlərə səyahət edirlər ki, oraya getmək üçün daha az baryerlər, əlverişli qiymətlər, uyğun şərtlər olsun. Əlbəttə ki, əsas şərtlərdən biri vizanın olmaması, hər-hansı prosedura gərək olmadan həmin ölkəyə getməkdir. Arzu olunandır ki, birbaşa uçuş imkanı yaransın. Bütün bu faktorların çoxu Maldivlə əlaqəli var. Düzdür, Maldiv Azərbaycan üçün bir az uzaq bazardır. Buna baxmayaraq, Cənub Şərqi Asiya ölkələrindən hazırda Azərbaycana kifayət qədər turistlər gəlir. Maldivdən də Azərbaycana, eyni zamanda da son dövrlər buradan oraya gedənlərin sayı artmaqdadır. Mən düşünürəm ki, perspektivdə bu say bir az da artacaq. Burada qarşılıqlı əlaqələrin qurulması, sərmayələrin və yeni biznes imkanlarının artırılması, həmçinin siyasi əlaqələrin genişlənməsi da mümkündür. Eyni zamanda turizm əlaqələri də iki ölkə arasında inkişaf edəcək”.

Ekspert vurğulayıb ki, bütün bunların qarşılığında birbaşa uçuşların da olması Maldivdən Azərbaycana gələn turist sayına müsbət təsir edəcək: “Maldiv dünyada turizm ölkəsi kimi tanınır. Maldivdə ümumi daxili məhsulunun böyük bir hissəsi məhz turizmdən formalaşır. Bu mənada Azərbaycan bazarı da Maldiv üçün maraqlıdır. Hesab edirəm ki, iki ölkə arasında siyasi, iqtisadi yaxınlaşma digər sahələrdə, o cümlədən turizm sektorunda da müəyyən layihələrin həyata keçirilməsinə səbəb ola bilər”.