Sərhəd pozucularına hansı halda atəş açıla bilər?
    • 22-11-2024, 14:42
    • 155

Sərhəd pozucularına hansı halda atəş açıla bilər?

"Sərhəd pozucularına qarşı odlu silahın tətbiqi son zəruri vasitəsidir".

News24.az  xəbər verir ki, bunu "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Babəkar Sərhəd Zastavasında Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçusu baş leytenant Qoşqar Behbudzadə jurnalistlərə açıqlamasında deyib.

O, DSX- nin Sərhəd Qoşunları Komandanlığının çətin şəraitə malik ərazilərdə sərhədlərin necə qorunmasına aydınlıq gətirib.

Baş leytenant bildirib ki, DSX-nin Sərhəd Qoşunları istənilən şəraitdə peşəkar heyəti, gecəgörmə cihazları, dronlar, termal kameralar, eləcə də son nəsil texnoloji vasitələrlə dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirir.

"Eyni zamanda, bizdə "KS 205" sistemləri mövcuddur. Həmin sistemlər vasitəsi ilə çətin relyefdə sərhəd pozucuları vaxtında aşkar olunur. Dövlət sərhədinin toxunulmazlığı Azərbaycan üçün önəmlidir. Bu, daim bizim nəzarətimizdədir. Sərhədlərimizi etibarlı şəkildə mühafizə və müdafiə edirik", - deyə o əlavə edib.

Q. Behbudzadə deyib ki, sərhəd pozucularına qarşı odlu silahdan istifadə son zərurət vasitəsidir.

"Onlarla mübarizə hüquq mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir. Sərhəd pozucuları dövlət sərhədini pozmağa cəhd etdikdə, silahlı müqavimət göstərdikdə və digər hallarda sərhəd naryadı qanunla müəyyən olunmuş qaydalarla silah tətbiq edir", - deyə o bildirib.