Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq – Bahalaşır?
    • Bu gün, 18:24
    • 336

Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq – Bahalaşır?


Azərbaycana bir neçə ölkədən ətin idxalına məhdudiyyət qoyulub. Bu isə ictimaiyyətdə müzakirələrə səbəb olub. Bir qisim ölkədə ətin qiymətinin ucuzlaşacağını düşünsə də, digərləri, əksinə, bahalaşacağını iddia edir.

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, 2023-cü ildə ölkəmizə 38 min tondan çox ət idxal edilib.

Onun sözlərinə görə, ötən il ətin idxalında artım olub:

“Təsadüfi deyil ki, 2023-2024-cü illərdə tələb və idxalın həcmində artım nəzərə çarpacaq dərəcədə olub. Ölkəmizə ət əsasən Hindistan, Braziliya, Belarusdan, ən çox qoyun əti isə Monqolustandan idxal edilib. Əlbəttə, bu sırada digər ölkələr də yer alır. 2024-cü ilin təkcə yanvar ayında Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4410 ton ət idxal olunub. Rəsmi göstəricilərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.8 faiz və ya 1718 ton daha çox idxal həcmi qeydə alınıb. Xaricdən gətirilən ət daha çox kolbasa, sosis, konserv və fast food yeməklərin, yarımfabrikatların istehsalı ilə məşğul olan müəssisələr tərəfindən alınır”.

İqtisadçı ətin qiymətinin bahalaşacağını istisna etmir:

“Zülalın əsas mənbəyi olan ətin idxalında məhdudiyyətlər yaranarsa, ət və ət məhsullarının qiymətlərində kəskin bahalaşma qeydə alınacaq. İctimai iaşə xidmətlərin qiymətlərində də sıçrayış olacaq. Bu, toyuq ətinin qiymətinə də ciddi təsir göstərəcək. Tələbin qarşılanmasında dəyişiklik yaranacağı halda toyuq və balıq ətinə daha çox üstünlük veriləcəyi üçün bahalaşma qida məhsullarında hər bir vətəndaşın zənbilində hiss olunacaq”.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət tətbiq edib. Bunun Fələstinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransanın Korsika regionunda, Almaniyanın Berlin şəhərində blutanq, Əlcəzairin Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, ABŞ-nin İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyinin qeydə alınması ilə əlaqədar olduğu bildirilir.