-
- Bu gün, 18:04
- 246
Siyavuş Novruzovdan SƏRT TƏNQİD: NAZİR CAVAB VERDİ
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən əhalini narahat edən məsələlərdən bəhs edib.
News24.az xəbər verir ki, komitə sədri deyib:
“Özünüməşğulluq proqramı ilə kəndçiyə iki dənə inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür.
Kimsə telefon alırsa, ona 1 illik zəmanət verilir. Heç olmasa bu heyvanları vətəndaşlara verəndə bir illik zəmanət və üç aylıq yemək verilsin. Çünki vətəndaşın təsərrüfat üçün bir dəfə müraciət etmək hüququ olur”.
Siyavuş Novruzov bildirib ki, şəhid ailələri və veteranlara hansı güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var.
O qeyd edib ki, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var:
“Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndçiyə iki inək verilir, ona bir illik zəmanət də verilir. Heç olmasa onun üç aylıq yeməyini də verin. Çünki kəndli onu ehtiyacdan alır”.
Siyavuş Novruzov bildirib ki, eyni zamanda müharibə veteranları ilə bağlı müraciətlər olur:
“Onlar əlilliklə təyinatı almaq üçün müraciət edirlər. Ola bilər hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. 5 dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə cavabında deyib ki, elektron şəkildə hər bir şəhid ailəsinə olan imtiyazlar var:
“Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik sağlamlıq arayışları orda olur. Araşdırmamış heç kim heç nə deməsin”.//musavat