Seymur Talıbov daha bir vəzifəsini itirir – AÇIQLAMA
    • Bu gün, 16:25
    • 137

Seymur Talıbov daha bir vəzifəsini itirir – AÇIQLAMA

"Ola bilsin ki, Seymur Talıbovun vitse-prezident postundan ayrılması məsələsi federasiyanın Hesabat-Seçki Konfransının gündəliyində olsun".

News24.az xəbər verir ki, bunu prosport.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov deyib.

AŞF vitse-prezidenti də olan Seymur Talıbovun sədri olduğu Naxçıvan Şahmat Federasiyası yaxınlarda ləğv olunub. S.Talıbovun AŞF-də də vəzifəsindən ayrılması gözlənilirmi? M.Məmmədovun sözlərinə görə, onun AŞF vitse-prezidentliyində qalıb-qalmaması Hesabat-Seçki Konfransında müəyyən olunacaq:

"Prezident və vitse-prezident seçkisi Hesabat-Seçki Konfransının səlahiyyətinə aid olan məsələdir. Bizdə bu Konfrans 2025-ci ilin 2-ci yarısında olacaq. Ola bilsin ki, Seymur Talıbovun vitse-prezident postundan ayrılması məsələsi də gündəlikdə olsun. Ancaq bu Konfransa hələ çox var. Bunu əvvəlcədən deyə bilmərəm".

O, həmçinin bildirib ki, sabah AŞF İcraiyyə Komitəsinin iclası olacaq. Nizamnaməyə əsasən, bu iclasda bu məsələnin müzakirə olunması mümkün deyil: "Sabah saat 11:00-da Azərbaycan Şahmat Federasiyasının növbəti İcraiyyə Komitəsinin iclası olacaq. Ancaq iclasda bu qəbildən olan məsələlər müzakirə edilmir. Dediyim kimi, bu məsələ ancaq Konfransın səlahiyyətinə aiddir".

Qeyd edək ki, 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş Vasif Talıbovun oğlu S.Talıbov 2019-cu ilin mayın 1-dən AŞF-nin vitse-prezidentidir. Bu qurumun I vitse-prezidenti isə beynəlxalq hakim Faiq Həsənovdur.

Onu da bildirək ki, federasiyanın İcraiyyə Komitəsinin sentyabrın 2-də keçirilmiş son iclasında (aşağıdakı şəkil son iclasdandır – red.) Seymur Talıbov iştirak etməyib.