-
- Bu gün, 08:45
- 175
Ərdoğanın onu qarşılama şəkli DİQQƏT ÇƏKDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfərə gələn Oman Sultanı Heysəm bin Tariqi hava limanında qarşılayıb. Türkiyənin Omandakı səfiri Məhəmməd Həkimoğlu sultanın Türkiyəyə gəlişini “tarixi səfər” adlandırıb.
“Tarixdə ilk dəfə Omandan Türkiyəyə bir dövlət başçısının səfərinin baş tutması tarixi məna kəsb edir”, – diplomat sosial mediada yazıb.
Oman Sultanı Heysəm bin Tariqi Ankara üçün hansı əhəmiyyətə malikdir? Ərdoğanın onu şəxsən qarşılması nədən xəbər verir?
Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnanc deyib ki, bu səfər Türkiyə üçün indiki məqamda çox mühümdür:
“Hazırda Türkiyənin xaricdən maliyyə axınına, investisiyaya ehtiyacı var. Bu baxımdan Körfəz ölkələrindən gələn dövlət başçıları xüsusi ehtiramla qarşılanır. Ankaranın bu ölkələrdən gələn pula, investisiyaya ehtiyacı var.
Təbii ki, Oman sultanın səfərini əhəmiyyətli edən tək məsələ maliyyə deyil. Oman mühüm ölkədir. Xüsusilə İran faktoruna görə Ankara üçün strateji əhəmiyyətə malikdir. Tehran hazırda Türkiyəyə qarşı düşmən mövqe sərgiləyir. Büruzə verilməsə də, regionda gedən proseslər bunu deməyə əsas verir. Belə bir zamanda Omanla yaxınlaşma həm də İrana mesajdır”.
Ekspert deyib ki, ABŞ Prezidenti Co Baydenin son açıqlamaları fonunda Türkiyə Qəzzada atəşkəsin əldə edilməsində vasitəçi ölkə olacaq:
“Ankaranın vasitəçi ölkə kimi uğur qazanması, problemi həll etməsi üçün dəstəkçilərə ehtiyacı var. Oman kimi neytral bir ölkənin dəstəyi Türkiyənin Fələstin münaqişəsinin tənzimlənməsindəki rolunu artıra bilər.
Əslində, Oman-Türkiyə münasibətlərindəki bu istiliyin bir səbəbi də Qətərlə münasibətlərdir. Göründüyü kimi, Türkiyə həm islam coğrafiyasında, həm də Fars körfəzində təsirini hiss etdirir və bunu əməkdaşlıq yolu ilə edir”.