-
- 2-12-2024, 12:10
- 234
Bayden oğlunu əfv etdi
ABŞ prezidenti Co Bayden əvvəlki vədinin əksinə olaraq, vergidən yayınmaqda və silah sahibliyi ilə bağlı qanunları pozmaqda ittiham olunan oğlu Hunter Baydeni əfv edib.
News24.az xəbər verir ki, Ağ Evin rəhbəri yazılı açıqlamasında oğlunu əfv etməyə icazə verən səlahiyyətlərdən istifadə etmək qərarına gəlməsinin səbəblərini Amerika ictimaiyyətinə açıqlayıb.
Amerika lideri postunda olduğu ilk gündən ABŞ Ədliyyə Nazirliyinin qərarlarının qəbuluna qarışmayacağını dediyini və sözünün üstündə durmağa çalışdığını, lakin respublikaçıların ona qarşı prosesi “siyasiləşdirdiyini” xatırladıb.
“Bu gün oğlum Hunter üçün əfv sərəncamı imzaladım. İlk gündən ABŞ Ədliyyə Nazirliyinin qərar qəbul etməsinə qarışmayacağımı bildirdim. Və oğlumun haqsız yerə təqib edilməsini seyr edərkən belə, sözümü tutdum. Hunteri məhv etməyə çalışaraq, məni də məhv etməyə çalışdılar. Bəsdir!” - deyə prezident vurğulayıb.
Baydenin sözlərinə görə, ABŞ Konqresindəki respublikaçılar ona qarşı işdən istifadə etmək üçün hər şeyi edib və ədalət hüdudlarını aşıblar. Prezident iddia edir ki, Hunter Baydenə qarşı iş “siyasi qisas” alətinə çevrilib.
“Mən ədliyyə sisteminə inanıram, amma bununla mübarizə apardığım üçün həm də pis siyasətin bu prosesə sirayət etdiyinə və ədalətin pozulmasına səbəb olduğuna inanıram. Ümid edirəm ki, amerikalılar ata və prezidentin niyə bu qərara gəldiklərini anlayacaqlar”, - deyə Bayden bildirib.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən Hunter Baydenə qarşı ittihamları araşdırmaq üçün təyin edilmiş xüsusi prokuror Devid Vays ofisi prezidentin oğlunu Kaliforniyada 1,4 milyon dollar vergidən yayınmaqda ittiham edir.
ABŞ prezidentinin oğlu Hunter Baydenə vergi ilə bağlı doqquz ittiham irəli sürülüb. İttiham aktına görə, Hunter Biden 2016-2019-cu illər üzrə özünün hesabladığı və ödəmədiyi ən azı 1,4 milyon dollar federal vergi borcunu ödəməmək və 2018-ci il üzrə vergiləri ödəməmək məqsədilə dörd il davam edən bir sxemə qatılıb, bu zaman saxta bəyannamələr təqdim edib.
Bayden vergilərini vaxtında ödəmək əvəzinə, pullarını lüks avtomobillərə, narkotiklərə və ekstravaqant otellərdəki əxlaqsız qadınlara xərcləməkdə ittiham olunur.
ABŞ Konqresindəki Respublikaçılar Hunter Baydeni atasının siyasi mövqeyindən xaricdəki biznes sövdələşmələrindən qazanc əldə etmək üçün istifadə etdiyinə görə, Ədliyyə Departamentini isə 54 yaşlı kiçik Baydenə qarşı vergi cinayətləri ilə bağlı araşdırmaları yersiz şəkildə yavaşlatdığına görə tənqid edirlər. Bayden ona qarşı bütün ittihamları rədd edib.
ABŞ prezidenti Hanter Baydenin oğlu iyunun 11-də münsiflər heyəti tərəfindən hər üç silah pozuntusu üzrə təqsirli bilinib.
Bu qərar ilk dəfə idi ki, bir prezidentin yaxın qohumu atasının prezident olduğu dövrdə cinayət törətməkdə təqsirli bilinir.
Aynurə