-
- 4-12-2024, 15:58
- 364
Prezidentin korrupsiya oyunu: Cənubi Koreyada böyük çaxnaşma
Cənubi Koreya prezidenti Yon Sok Yol hərbi vəziyyət elan edib. Altı saat sonra Yon qərarını dəyişdirərək, istefaya çağırışlara səbəb olub. Yonun Cənubi Koreyada 40 ildən artıq müddətdə ilk dəfə hərbi vəziyyət elan etməsi ABŞ və digər müttəfiqlərini təşvişə salıb.
Bəs, hazırda Cənubi Koreyada baş verən siyasi hadisələrin əsas səbəbi nədir və hansı nəticələrə gətirib çıxarda bilər?
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Ərəstun Oruclu deyib ki, xarici medianın yazdığına inansaq, Cənubi Koreyadakı vəziyyət daxili siyasi konfliktdir və səbəbi heç də deyildiyi kimi, dövlət daxilində hər hansı çevriliş cəhdi, yaxud Şimali Koreyaya bağlı hansısa qüvvələrin ölkənin suverenliyinə qəsd etməsi məsələsi deyil.
"Bunlar, sadəcə ölkə prezidentinin hansısa korrupsiya əməlləri ilə bağlıdır. Prezident isə bu məsuliyyətdən qaçmaq, yayınmaq üçün belə bir addım atıb ki, öz opponentlərini təhdid edib, onları real təsir imkanlarından kənarlaşdırsın", - deyə, o əlavə edib.
Politoloqun sözlərinə görə, Cənubi Koreya kənardan bizə ideal görünə bilər, ancaq Koreya yarımadasındakı müharibədən sonra 6 dəfə respublika qurulub və 6 dəfə də hərbi diktatura olub:
"Bu gün də həmin o diktaturanın tərəfdarları hakimiyyətdə təmsil olunublar. Digər tərəfdən, həmin o sivil hökumətin davamçıları isə prezidentin partiyasında təmsil olunublar. Yəni, bu daxili konflikt davam edir. Onu da qeyd edim ki, müharibədən sonrakı dövrdə hakimiyyətdən kənarlaşdırılan mülki hökumətin 6-sı da korrupsiyada ittiham edilib. Bu göstərir ki, ölkədə korrupsiya səviyyəsi yüksəkdir. Ona görə də bu səbəb daha inandırıcı görünür, nəinki digər səbəblər".
Günel Məlikzadə