Çörəyin qiyməti ucuzlaşacaq?
    • 6-12-2024, 03:31
    • 151

Çörəyin qiyməti ucuzlaşacaq?

Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb. 

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 2-dən etibarən ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl" MMC (26 manat), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik). Rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26.20-28.20 manat təşkil edirdi. Beləliklə, ötən ayla müqayisədə istehsalçılar unun aşağı həddinin qiymətini 20 qəpik azaldıblar. 

Maraqlıdır ki, unun qiymətinin ucuzlaşması nəticəsində çörəyin qiyməti ucuzlaşa bilər? 

Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, hazırda çörək maya dəyərindən 2 dəfə baha satılır: 

"Çörəyin ucuzlaşması üçün potensial var. Amma bazar seqmenti inhisarda olduğu üçün qiymət sabit saxlanılır. Xərclər artanda isə qiymətlər daha da bahalaşır.

Unun qiymətində çox ucuzlaşma olmadığı üçün bunun inhisarçılara təsir edəcəyini və çörəyin qiymətinin ucuzlaşacağını düşünmürəm. Ölkədə çörəyin qiyməti heç vaxt sahibkarların təşəbbüsü ilə ucuzlaşmayıb, hər zaman dövlət orqanlarının reaksiyası ilə ucuzlaşıb". 

Qeyd edək ki, bu barədə çörək istehsalı müəssisələri ilə əlaqə saxladıq, lakin onlar mövzu ilə bağlı danışmaq istəmədilər.