Fransanı nümayişlər bürüdü – 200 min nəfər hökumətə etiraza qalxdı
    • 6-12-2024, 12:57
    • 140

Fransanı nümayişlər bürüdü – 200 min nəfər hökumətə etiraza qalxdı

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə dövlət işçiləri gələn il dövlət müəssisələrində ixtisarların aparılması planına qarşı bu gün etiraza çıxıblar.

News24.az xəbər verir ki, paytaxt Paris başda olmaqla ölkə boyu küçələrə çıxan dövlət qurumlarının işçiləri iş şəraitinin yaxşılaşdırılması tələblərini bildiriblər.

Parisdə İqtisadiyyat Nazirliyinin Bersi binası yaxınlığında başlayan nümayiş İtaliya meydanında başa çatıb.

Nümayişçilər hökumətdən dövlət işçilərinə hörmət etməyi tələb ediblər.

Ölkənin ən böyük həmkarlar ittifaqı olan Baş Həmkarlar İttifaqının (CGT) baş katibi Sofi Binet nümayişdə jurnalistlərə bildirib ki, ölkədə dövlət və özəl sektorlar da daxil olmaqla, yüz minlərlə ixtisar olacaq.

Binet ölkədəki son siyasi hadisələrlə bağlı “Ölkəmiz bizi narahat edən siyasi böhran içərisindədir” deyərək, prezident Emmanuel Makronu həmkarlar ittifaqı üzvlərinin və işçilərin səsini eşitməyə çağırıb.

Makronun xalqın ümumi maraqlarını müdafiə edərək prezidentlik vəzifəsini yerinə yetirməsini istəyən Binet Fransada bir hökumətin sosial tələbləri yerinə yetirmədən yaşaya bilməyəcəyini deyib.

CGT-nin məlumatına görə, ölkə daxilində nümayişlərə 200 mindən çox dövlət işçisi qatılıb.

Aynurə