-
- 6-12-2024, 14:52
- 121
Ermənistan-Türkiyə sərhədində nələr yaşanır?
Türkiyəyə məxsus dronların Ermənistanla sərhəddə yerləşən Ararat vilayətinin Armaş qəsəbəsində naməlum uçuş həyata keçirdiyi iddia olunur.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, qəsəbə sakinləri “Hraparak”a dronun bir neçə ərazidə göründüyünü bildiriblər.
Qəzet məsələ ilə bağlı ordudakı mənbələri ilə əlaqə saxlayıb. Məlumatın doğru olduğu, hər gün bir dəfə dronun sərhədi keçərək Ermənistan ərazisindəki mövqeləri lentə aldığı qeyd edilib.
İddiaya görə, sərhədçilər dəfələrlə Müdafiə Nazirliyinə məsələ ilə bağlı məlumat veriblər. Hətta dronu zərərsizləşdirmək üçün müraciət ediblər. Lakin buna icazə verilməyib və ona toxunulmamaq tapşırılıb.
Sərhədçilərdən biri yeni dronların əvvəlkilərdən fərqləndiyini deyib:
“Əvvəllər də olurdu, amma son zamanlar intensivləşib. Ən gec iki gündə bir mütləq görürük. Bunun həm görünüşü, həm də səsi əvvəlkilərdən fərqlidir. Səsinə, uçuş hündürlüyünə və formasına görə onun hansı dron olduğunu artıq bilirik”.
“Hraparak” məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlik sərhəddə heç bir qeyri-qanuni uçuşun qeydə alınmadığını bildirib.