-
- 10-12-2024, 20:41
- 209
Bakıdakı elektrik avtobuslarında gediş haqqı artırılır?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək. Nəzərə alsaq ki, hazırda avtobusların gedişhaqqı tarifləri istifadə olunan yanacağın qiymətinə əsasən tənzimlənir.
Bəs elektrik mühərrikli avtobuslarda qiymətlər nəyə əsasən tənzimlənəcək?
Məsələ ilə bağlı News24.az publika.az-a istinadla bildirir ki, açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, nəqliyyat vasitələrinin elektrik mühərrikli avtobuslarla əvəzlənməsi hazırda sadəcə proqnozdur:
“Bunun tam reallaşacağına dair dəqiq bir əsas yoxdur. Fikrimcə, 2030-cu ilə qədər, yəni 5 il ərzində bunu həyata keçirmək üçün külli miqdarda vəsait lazımdır. Burada milyardlardan söhbət gedir. Azərbaycanda isə ictimai nəqliyyatda dayanıqlı maliyyələşmə müşahidə etmirik. Bunu zaman göstərəcək.
İctimai nəqliyyatda gedişhaqqı Tarif Şurasının qərarı ilə tənzimlənir. Nəzərdə tutulan avtobusların alışı isə çox baha məbləğə başa gəlir. Onların istismar xərcləri də heç də az deyil. Bu avtobusların texniki qulluğu, idarəsi benzinlə idarə olunanlardan daha çox vəsait tələb edir”.
Ekspert qeyd edib ki, nəzərdə tutulan yenilik gedişhaqqı tariflərinə təsir etməyəcək:
“Texniki qulluq, alış qiymətləri və bu kimi xərcləri hesabladıqda daşınmaların maya dəyərinin azalacağını düşünmürəm. Lakin dünyanın heç bir ölkəsində ictimai nəqliyyatın xərclərini gedişhaqqı ilə qarşılamaq deyə bir şey yoxdur. Sözügedən xərcləri dövlət özü qarşılamalıdır. Əks halda ictimai nəqliyyatın sosial mahiyyəti itir. İctimai nəqliyyat biznes deyil. O, birinci növbədə sosial layihədir. Ona görə də qiymətlər dəyişməməlidir.
Hətta biz Bakıda dayanıqlı ictimai nəqliyyat və insanların fərdi avtomobillərdən kütləvi ictimai nəqliyyata keçmələrini istəyiriksə, avobusların sayının artırılmasına və dəqiq qrafikdə işləməsinə diqqət göstərməliyik.
Bütün bunları nəzərə alaraq gedişhaqqı tarifləri artırılmamalıdır, hətta kifayət qədər əlçatan olmalıdır”.