-
- Dünən, 20:00
- 330
Hərbi xidmətə çağırılan şəxslərin NƏZƏRİNƏ
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.
News24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatında deyilib.
Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:
"Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin "Tibbi şəhadətləndirmə" altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar, onlar üçün avtomatik təyin edilən e-növbəlilik qaydasında Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirlər. Müayinə edilənlər aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:
Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında ("B" kateqoriyası);
Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında ("Ç" kateqoriyası);
Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında ("C" kateqoriyası);
Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında ("D" kateqoriyası)
Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir".