Ailələrin dağılma səbəbi: “Ancaq qadın bunu kişidən tələb edə bilər”
    • Bu gün, 05:58
    • 209

Ailələrin dağılma səbəbi: “Ancaq qadın bunu kişidən tələb edə bilər”

“Əgər qadın kişiyə qayğı göstərmirsə, yəni yeməyini bişirib, paltarını yumursa, qabağına çay qoymursa, ona saymamazlıq edirsə, əlbəttə, həmin qadınla bir evdə yaşamağın heç bir mənası yoxdur”.

Bu sözləri hüquqşünas Tağı Hüseynov “Yeni Sabah”a qeyd edib.

O, boşanmaların səbəblərindən danışarkən bildirib ki, kişi özünə hörməti yüksək qiymətləndirir:

“Qadının isə kişidən gözləntisi onu qoruması, təmin etməsi və sevməsidir. Bunlar varsa, inanın, qadın da kişidən razıdır. Çünki hər kəsin bir funksiyası var. Heç vaxt qadına və kişiyə qeyri-real funksiyanı yükləmək olmaz. Onda utopiyadan danışmış olarıq.

Əfsuslar ki, indiki cəmiyyətdə həmin utopiyanı bizə qəbul etdirməyə çalışırlar ki, hər kəs bir-biri ilə eyni şeyi etməlidir. Yox!”

Hüquqşünas ailədə hər iki tərəfin əsas öhdəliyindən söz açıb:

“Mən qadınımdan pul qazanmağı tələb etməli deyiləm. Edə də bilmərəm. Çünki pul qazanıb ailəni saxlamaq öhdəliyi kişinin borcudur. Allah bizi yaradan gündən kişinin funksiyası budur. Qadın nə qədər çox pul qazansa da, kişinin qazandığına çatmır. Nadir hallarda bəzi qadınlar kişilərdən daha çox qazanır. Amma ümumən dünya milyarderlərini sayanda kişilər üstünlük təşkil edir.

Pul qazanmaqla yanaşı, qoruma funksiyası var. Bu kişinin öhdəliyi, vəzifəsidir.

Bir sözlə, ailəsini təhlükədən qorumaq öhdəliyi yenə kişiyə aiddir.

Onu qadınlara yükləyə bilmərik. Bu çox gülünc olar ki, xanımım məni qorusun. Kişi bu sözü deyə bilməz. Ancaq qadın bunu kişidən tələb edə bilər. Çox haqlı da tələbdir.

Bütün bu sadalananların qarşılığında qadının da bir öhdəliyi var. O da kişiyə hörmət etmək, yəni paltarını yuyub yeməyini bişirməkdir. Bütün bunlar qanunvericilikdə yazılmaya bilər. Amma reallıq belədir.

Təəssüf ki, cəmiyyətimiz o vəziyyətə gəlib ki, bunu etmək qadınların sanki qul olmasının təzahürüdür. Bu doğru yanaşma deyil. Qadın ona görə qul sayılmır. Qadın ərinə hörmətdən irəli gələrək həmin sadalananları etməlidir. O zaman kişi də ailəsinə baxdığı üçün qul sayılsın. Xeyr. Sadəcə hər kəsin öz öhdəliyi var. Bunu başqa yerlərə yozmasınlar”.