-
- Bu gün, 08:27
- 1 697
Azərbaycanda hərbi xidmət müddəti 7 aya endirilir? – VACİB
Xəbər verdiyimiz kimi, Azərbaycanda həqiqi hərbi xidmət keçmədə son yaş həddi aşağı endirilir. Bu xəbər müzakirələrə səbəb olub. Ekspertlər müxtəlif fikirlər səsləndirir, təkliflər irəli sürürlər.
Hərbi xidmətlə bağlı daha hansı yeniliklər ola bilər?
Globalinfo.az-a danışan hərbi ekspert Ramil Məmmədli deyib ki, müharibədən sonra hərbi xidmət bağlı bir sıra islahatların keçiriləcəyi gözlənilən idi.
O, ekspertlərin media və mətbuat vasitəsilə müəyyən təkliflər irəli sürdüklərini qeyd edib:
“Fikrimcə, təkliflər effektiv oldu və hökumət bu istiqamətdə konkret addım atmaq qərarına gəldi. Düşünürəm ki, mövcud vəziyyət, yəni hərbi xidmət yaşının 35-dən 30-a endirilməsi əslində, həm ordunun bir az da cavanlaşmasına, həm də effektivliyin artırılmasına gətirib çıxaracaq. Digər tərəfdən isə nəzərə alaq ki, artıq müharibə bitib, şəxsi heyətin komplektləşməsi ilə bağlı da problemimiz yoxdur. Bu baxımdan həqiqi hərbi xidmət və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, gizirlər və miçmanların xidmət yaşının bu şəkildə salınması ordunun daha da peşəkarlaşmasına gətirib çıxacaq.
Hərbi ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə də bu var:
“Hətta bizə qonşu ölkələrin bəzilərində hərbi xidmət yaşı 27-30 aralığında dəyişir. Bilirsiniz, Azərbaycan Silahlı Qüvvələri xalq ordusu formatıdır. Yəni hər birimiz bu və ya digər şəkildə hərbi xidmətə gedir, orada xidmət edir, Vətənə borcunu yerinə yetiririk. Amma bunun effektiv yaş məhdudiyyəti də müəyyənləşdirilməli idi. Çünki 35 yaş həddindən artıq yüksək olurdu”.
R.Məmmədlinin fikrincə, bir müddətdən sonra çağırışçıların həqiqi hərbi xidmət müddəti ilə bağlı da yeniliklər və islahatlar olacaq:
“Yəqin ki, bununla bağlı müəyyən müzakirələr aparılır. Məsələn, ali təhsili olmayanlar üçün həqiqi hərbi xidmət müddəti 18 aydan 12 aya, ali təhsilli şəxslər üçün isə 7-9 və ya 8-10 aya endirilməsi məqsədəuyğun olar. Fikrimcə, bununla da əlaqədar tədbirlər görülər”.