Tarixin ən sərrast snayperi – Mif ya gerçəklik?
    • Bu gün, 18:50
    • 153

Tarixin ən sərrast snayperi – Mif ya gerçəklik?

Simo Hayha (1905 - 2002) – finlandiyalı snayper, Qış Müharibəsi veteranı, daha çox "Ağ Ölüm" ləqəbi ilə tanınır.

Lent.az dünya tarixinin ən sərrast və məhsuldar snayperi sayılan Simo Hayha ilə bağlı materialı təqdim edir.

Simo Hayha 1905-ci ildə Finladiyanın Rautjarvi kəndində kəndli ailəsində anadan olub və 7-ci uşaq olub. Gənc Simo Mietila şəhərində məktəbə gedib və 17 yaşında yerli polis dəstəsində xidmət etməyə başlayıb, burada snayper atıcılığını öyrənib və əla nəticələr göstərib. O tezliklə orduya yazılır və 2-ci velosiped batalyonunda xidmət aparır. Xidmət zamanı o, komissarlıq məktəbini bitirəcək.

1939-cu ilin noyabrında Sovet İttifaqı tərəfindən Finlandiyaya müharibə elan edildikdən sonra Simo Hayha Fransa Xarici Legionunda xidmət edərkən “Mərakeş dəhşəti” ləqəbi alan Aarne Yutilaynenin alayında snayper vəzifəsinə təyin edilir. M28 tüfəngi ilə silahlanmış və relyefdən məharətlə istifadə edən Hayha, müharibə zamanı 545 Qırmızı Ordu əsgərini güllələyərək öldürür.

Simo Hayhanın ulduzu dekabr günlərində parladı. Dekabrın 20-də finlər özləri 56-cı Piyada Diviziyasını cinahlardan əhatə etməyə çalışaraq əks hücuma keçdilər, 34-cü Piyada alayının iki batalyonu isə ön xətdən hücumla Sovet ordusunu darmadağın etdi. Fin hücumu dekabrın 25-dək davam etdi amma ciddi nəticə vermədi və dekabrın 26-dan 12-ci Piyada Diviziyası dərin müdafiəyə keçdi.

Hayhanın sonraar danışdığı xatirələrə görə,1939-cu ilin Milad gününə qədər o, artıq 150-yə yaxın sovet əsgərini öldürmüşdü. Onun snayper karyerasında ən məhsuldar gün dekabrın 21-nə təsadüf edir. O zaman Hayha bir gündə 25 hərbçini öldürdüyünü bildirir.

Bununla belə, tarixçilər tez-tez fin snayperinin öldürdüyü şəxslərin hesablanması sistemini tənqid edirlər. Finlandiya ordusunda vahid sistem yox idi və buna görə də hansısa hərbçinin öldürdüyü düşmən sayı ilə bağlı yeganə təsdiqi atıcının öz sözləri, ən yaxşı halda döyüş yoldaşlarının şahidliyi idi. Əlavə olaraq, Simo Hayhanın döyüş yolunu keçdiyi bölgələrdə öldürülən Qırmızı Ordu əsgərlərinin ümumi sayı ilə özünün şəxsən öldürdüyü hərbçi sayı arasında gözəçarpacaq fərqin olmaması reallıqda onun ölüm kolleksiyasının sayı ilə bağlı suallar doğurur.

1940-cı il martın 6-da Hayha döyüş zamanı ağır güllə yarası aldı. O, ömrünün sonuna qədər üzündə xarakterik izlərlə yaşasa da, sağ qaldı.

1941-ci ilin yayında o, növbəti Sovet-Finlandiya müharibəsi üçün cəbhəyə getməyə müraciət etsə də, hərbi xidmətə aparılmadı. Müharibədən sonra nailiyyətləri ilə öyünməyən Hayha ovçuluq və it yetişdirməklə məşğul olur. O, ömrünü 2002-ci ildə 97 yaşında olarkən veteranlar evində başa vurub.