Fransa adasında 1000 ölüm gözlənilir
    • Bu gün, 11:29
    • 85

Fransa adasında 1000 ölüm gözlənilir

Hind okeanında Fransa adasını vuran "Çido" siklonunun (burulğan) dəhşətli fəsadları artır. Səlahiyyətlilər ölənlərin sayının minə çata biləcəyini açıqlayıb.

News24.az xəbər verir ki, sürəti saatda 219 kilometrə çatan küləklərlə Mayotta adasını vuran siklon son 90 ilin ən güclü fırtınası olaraq qeydə alınıb.

Mayotte valisi Fransua-Xavier Bieuville, "Bu fəlakətin şiddətini nəzərə alaraq, ölənlərin sayının minlərlə ola biləcəyindən narahatıq" dedi.

Qeyd edək ki, 4-cü kateqoriya siklondan sonra adanın əsas hava limanı və xəstəxanası yararsız hala düşüb. Bir çox ev damsız qalarkən, ağaclar kökündən qopub. İlkin hesablamalara görə, 11 nəfər ölüb, 246 nəfər yaralanıb. 9 nəfərin vəziyyəti ağırdır.

Fransanın daxili işlər naziri Bruno Retalleau can itkisinin daha çox olacağından narahat olduqlarını bildirib. Fransanın yeni baş naziri Fransua Bayrou adanın yoxsul bölgələrində yaşayan insanların vəziyyətinin ciddi olduğuna diqqət çəkib.

Eyni zamanda, mütəxəssislər siklondan sonra suyun yığılması səbəbindən bölgədə vəba, dang qızdırması və malyariya kimi epidemik xəstəliklərin yayıla biləcəyi barədə xəbərdarlıq edirlər.

Fransa ordusu bölgəyə gələrkən, xilasetmə işlərində 1600-dən çox polis və jandarma əməkdaşı iştirak edir. Təcili yardım ləvazimatları bölgəyə hərbi təyyarə və gəmilərlə göndərilir.

Afrikanın şərq sahillərindən 800 kilometr aralıda yerləşən Fransanın ən yoxsul bölgəsi Mayotte ilə yanaşı, Komor və Madaqaskar adaları da siklondan ciddi ziyan çəkib. Hakimiyyət xaos mühitində talanların baş verə biləcəyindən də narahatdır.

Meteo-Fransa rəsmilərinin "son 90 ilin ən şiddətli fırtınası" olaraq xarakterizə etdiyi Çido siklonundan sonra bölgədə axtarış-xilasetmə işləri fasiləsiz olaraq davam edir.

Günel Məlikzadə